Qısa müddətdə ikinci geridönüş...
Sona qədər belə sürətlə davam etmək çətin görünür. Xüsusilə heyətin kasad olması özünü aşkar biruzə verir.
Elə bu gün bir Senhadjinin olmamasına görə müdafiə xəttində aləm bir-birinə dəymişdi. Sol cinah müdafiəçisi Keffel stoperə, sağ cinah müdafiəçisi Abdul Raşid Mumini sol cinah müdafiəçisinə çevrilmişdi. Gənc Nahid Orucov əsas heyətdə yer almışdı.
Hər şeyə rəğmən "Sumqayıt" arxada qalan 13 tura öz damğasını vurmağı bacarıb. Saşa İliç ölkəmizə gün keçirməyə gəlmədiyini göstərir. Açığı, bu qədərini gözləmirdim.
Serbiyalı bu gün həm də meydandan kənar hərəkəti ilə yadda qaldı. Final fitindən sonra səhvini anladı və həmkarından üzr istədi.
Məni üzən bir başqa məsələdir.
Yevlaxda azarkeşin meydana butulka atmasını, İliçin həmkarına qıcıq verməsini niyə bu qədər linç edirik? Niyə dünyanın sonuymuş kimi təqdim edirik?
İliç səhv etdi, Abbasov yerində cavabını verdi və sonda da barışdılar. Bu qədər sadə...
Vallah futbol belə şeylərlə gözəldir.
Burada sülh yalnız sonda ola bilər. Ona kimi azarkeş çılğınlıq edər, meydana butulka atar, bəzən baş məşqçilər konfransda ağzına nə gəldi danışar və.s.
İntriqa belə yaranır, azarkeş belə formalaşır, klublar bu cür böyüyür və.s
Dünyanın hər yerində belədir. Çünki futbol emosiyalı oyundur.
Bizdə azacıq işıq yeri görünən kimi önünə divar çəkirik.
Oyunun bütün tərəflərini çərçivəyə salmaq istəyirik.
Elə bil orta məktəbdir - səs salanda, kiməsə jest edəndə, meydana butulka atanda olursan ən tərbiyəsiz adam.
Nə meydança partadı, nə də oyunçular şagird. Bir az yavaşlayaq, bir az azadlıq verək.
Ən başda da azarkeşlərə...
XANOĞLAN İMANOV

