"Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalov Premyer Liqanın 33-cü turunda "Kəpəz"i məğlub etdikləri matçdan sonra (1:0) Sportinfo.az-a müsahibə verib.
- Mövsümü necə şərh edərdin?
- Qış fasiləsindən sonra əla çıxış etdik. Çox aşağı pillədə yer alırdıq. Baş məşqçinin gəlişindən sonra yanaşma dəyişdi. Bunun bəhrəsini Konfrans Liqasına vəsiqə qazanmaqla gördük.
- Heyət həmin heyətdir. Bəs əsas nə dəyişdi?
- Bəli, heyət eynidir. Ola bilər ki, nizam-intizam yaxşı tərəfə dəyişdi. Psixoloji baxımdan çox şeyi dəyişdi. Bu da bir kollektiv üçün vacib detaldır. Nəticə gəldikcə inam artdı. Biz inandıq ki, istəyimizə çata bilərik.
- "Neftçi"nin potensialı Konfrans Liqasında nəyə ümid verir?
- İlk öncə buradan "Neftçi" azarkeşlərini təbrik edirəm. Bu komanda çox yaxşıdır. Tək futbolçu keyfiyyəti yetərli deyil. Həm də xarakter vacibdir. Bu gün burada cəm olanlar xarakterli oyunçulardı. Düşünürəm ki, ümid etmək olar.
- Bu mövsüm hakimlərdən ən çox əziyyət çəkən "Neftçi" oldu. Yuri Vernidubun bu yöndə sizinlə xüsusi söhbəti olurdu?
- Xüsusi söhbəti olduğunu deməzdim. Amma onsuz da bilirik ki, hər zaman hakim əsas rolda olur. Bu il də bizə qarşı səhvlər oldu. Əsas odur ki, sonda istəyimizə çatdıq. "Neftçi" buna layiqdir. İnanıram ki, Avropada "Neftçi" ailəsini layiqincə təmsil edərik.
XANOĞLAN İMANOV

