Bakıda Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə voleybol məşqçiləri üçün beynəlxalq seminar keçirilir.
Sportinfo.az AVF-yə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan "FIVB Level-2" kursuna bu gün start verilib.
İyunun 5-dək davam edəcək təlim proqramında 65 nəfər iştirak edir. Kurs iki qrup şəklində təşkil olunub. Birinci qrup üzrə məşğələlər mayın 25-29-da, ikinci qrup üzrə isə iyunun 1-5-də keçiriləcək.
Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan olan məşqçi və mütəxəssislər iştirak edirlər. Seminarın rəhbəri FIVB məşqçi-instruktoru, professor Cengiz Akarçeşme, onun köməkçisi isə AVF-nin nümayəndəsi Nərgiz İsmayılovadır.
Kurs nəzəri və praktiki hissələrdən ibarətdir. Seminar çərçivəsində iştirakçılara müasir məşq metodikaları, oyun sistemləri, texniki-taktiki hazırlıq və məşq prosesinin düzgün təşkili kimi mövzular tədris olunacaq.
Sonda təşkil olunacaq imtahandan uğurla keçən mütəxəssislər "Level-2" sertifikatına layiq görüləcəklər.

