İzmirdə yağışa yaxalanan azərbaycanlı futbolçular - FOTO

7 May 18:20 Neftçi 398
İzmirdə yağışa yaxalanan azərbaycanlı futbolçular - FOTO

Azərbaycan klublarının sovet dönəmində Türkiyə komandaları ilə qarşılaşmalarına dair silsilə yazılarımızı davam etdiririk.

Sportinfo.az xəbər verir ki, “Neftçi” sovet illərində Türkiyənin yalnız “Qalatasaray” ilə qarşılaşmayıb.

Sizi bu dəfə 33 il əvvələ aparacağıq. “Neftçi” 1987-ci ilin yanvarında təlim-məşq toplanışı üçün Türkiyəyə gedib. O vaxt SSRİ çempionatının güclülər dəstəsində çıxış edən “Neftçi” İzmir şəhərində iki oyun keçirib.

Əvvəlcə İzmir şəhərinin yığmasına 1:3 hesabı ilə uduzan Bakı komandası daha sonra o zamanlar Türkiyə Super Liqasında çıxış edən “Altay” ilə qarşılaşıb. “Neftçi” Türkiyə çempionatının ikiqat gümüş və üçqat bürünc mükafatçısı, Türkiyə Kubokunun ikiqat qalibi “Altay”ı 1:0 hesabı ilə məğlub edib.

“Neftçi”nin futbolçularının İzmirdə alış-veriş edərkən görüntülənməsi

1987-ci ildə “Neftçi”nin Türkiyə səfəri ilə bağlı Türkiyə mətbuatında məqalələr və xəbərlər dərc olunub. Həmin ilin yanvarın 9-da “Hürriyyət” qəzetində “Neftçi”nin futbolçuları haqda “Yağışa düşüncə çardaq altına qaçdılar” başlıqlı məqalədən sitat:

“İzmir Böyükşəhər Bələdiyyəsinin dəvəti ilə İzmirə gələn SSRİ çempionatının güclü komandalarından olan “Neftçi”nin futbolçuları dünən Böyükşəhər Bələdiyyə sədri doktor Burhan Özfaturanı ziyarət etdi. Daha sonra Kəməraltına alış-verişə çıxan futbolçular yağışa düşdülər. Çardaq (mağazaları yağışdan qoruyan) altında özlərini yağışdan qorumağa çalışdılar”.

Fotonun müəllifi Suavi Yardımoğludur. Məhz onun paparazziliyi sayəsində həmin maraqlı görüntü alınıb.

Oyundan sonra isə “Neftçi”nin beş futbolçusunun – Novruz Əzimov, Mehman Allahverdiyev, Vaqif Sadıqov, Yunis Hüseynov və Nazim Süleymanovun şəkli Türkiyə mətbuatına çıxıb. Həmin oyunçular “Neftçi”nin beş as futbolçusu kimi təqdim olunub.

Bu səfər Bakı və İzmirin qardaşlaşması ilə bağlı olub

Həmin görüşlərlə bağlı “Neftçi”nin əfsanəvi həkimi Boris Xetaqurovu danışdırdıq:

“1985-ci ildə Bakı və İzmir qardaşlaşmış şəhərlər elan olunmuşdu. İkitərəfli əməkdaşlıq çərçivəsində İzmir şəhərinin bələdiyyəsi 1987-ci ilin yanvarında “Neftçi”ni səfərə dəvət etmişdi. Yaxşı xatırlayıram ki, bu səfərdən əvvəl Azərbaycan SSR Ali Sovetində olmuş və orada kollektiv şəkil çəkdirmişdik.

İzmirdə iki yoldaşlıq matçı keçirmişdik. İzmir Böyükşəhər Bələdiyyəsinin sədri komandamızı qəbul etmişdi. Həmçinin bizim üçün qədim şəhər olan Efesə ekskursiya təşkil olunmuşdu. Həmin il İzmirin yığma komandası əməkdaşlıq çərçivəsində cavab oyunu üçün Bakıya gəlmişdi. İzmirdə 1:3 uduzduğumuz komandaya Bakıda 4:1 hesabı ilə qalib gəldik. Onu da qeyd edim ki, məhz bu qardaş şəhərin şərəfinə Bakıda sovet dönəmində küçə və parka İzmirin adı qoyulub”.

“Neftçi”nin İzmirdə buts problemi

Həmin dövrdə çıxış etmiş futbolçulardan Yaşar Vahabzadə isə “Altay”la oyunu yaxşı xatırladığını bildirib. Hazırda “Kəpəz”in baş məşqçisi olan Y.Vahabzadə bu barədə maraqlı məqama toxunub:

“O vaxt federasiyaya hansı ölkəyə təlim-məşq toplanışına getmək barədə məlumat vermək lazım olurdu. KQB-nin bir nümayəndəsi də bizə nəzarət üçün gedirdi. 1987-ci ilin yanvarında İzmirdə olduq. Birinci oyunda yerli komanda ilə görüşdə 1:3 hesabı ilə uduzduq. Təəssüf ki, həmin komandanın adını xatırlamıram. Biz gözləyirdik ki, isti ölkəyə gedirik. Amma orada gözlənilmədən güclü yağışa düşdük.

Türkiyəyə isə bizim futbolçuların çoxu altı rezin “şpor” olan butslarla getmişdi. Ona görə də, oyunboyu sürüşürdük. Matçdan sonra bizdən niyə belə tez-tez sürüşdüyümüzü soruşurdular. İkinci oyunda sürüşməmək üçün kimin butsunun altında dəmir “şpor” vardısa, onları geyinib oynadıq. Hətta səhv xatırlamıramsa, mən Yunis Hüseynovu əvəzlədim. Onun dəmir “şpor”lu butsunu geyinməli oldum.

Həmin oyunda 1:0 qalib gəldik. Qolu ikinci hissədə Nazim Süleymanov vurdu. Daha sonra qapımıza penalti təyin olundu. Onların Yuqoslaviyadan olan bir futbolçusu penaltini qapıdan yuxarı vurdu.

Ümumiyyətlə, həmin oyunda türk fotoqraflar bizi izləyirdilər. O vaxt SSRİ çempionatı Türkiyəninkindən güclü olduğundan, bizə maraq çox idi. Nə edirdik – tort yeyirdik, alış-veriş edirdik, bizim şəklimizi çəkirdilər”.

“Türk fotoqrafa dedim ki, as futbolçular bizik”

Bu oyunun iştirakçılardan olan Vaqif Sadıqov isə “Neftçi”nin beş as futbolçusu” şəklinin ərsəyə gəlməsinin səbəbkarıdır. Həmin şəklin tarixçəsini hazırda AFFA Məşqçilər Komitəsinin sədri işləyən V.Sadıqov belə izah etdi:

“Oyundan sonra türkiyəli fotoqraf bizə yaxınlaşıb “sizin ən güclü futbolçularınız kimdir?” deyə soruşdu. Onların şəklini çəkmək istəyirdi. Mənim də yanımda Nazim, Novruz, Yunis və Mehman vardı. Dedim ki, bizik. Fotoqraf şəklimizi çəkdi və Türkiyə mətbuatında “Neftçi”nin beş as futbolçusu kimi təqdim olunduq. Sonradan bizim “İdman” qəzeti həmin məqaləni tərcümə edib yazı kimi vermişdi.

Buts məsələsinə gəlincə, o vaxt baş məşqçimiz Aleksandr Sevidov idi. O, yenicə təyin olunmuşdu. Xatırlayıram ki, rezin “şpor”la səfərə çıxdığımıza görə bizə əsəbiləşmişdi”.

“Altı “şpor” və Nazimin qolu”

“Altay”la oyunda qələbə qolumuzun müəllifi Nazim Süleymanov isə hadisələri belə xatırladığını dedi: “Yağış yağarkən sürüşürdük. Fasilədə baş məşqçimiz Sevidov hamının butsuna baxdı. Bütün futbolçularda 13 “şpor”lu buts idi, bir mənimkindən başqa. Məndə altı “şpor”lu idi. Sevidov dedi ki, yağışlı havada altı “şpor”lu butsla oynayarlar. Amma heç kim gətirməmişdi. Həmin oyunda qolu da mən vurdum” (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?