
Andrey Ştoqrinin «Neftçi»dəki aqibəti müəyyənləşib.
Ukraynalı ən azı qış fasiləsinədək düşərgədə qalacaq.
Hücumameylli yarımmüdafiəçi müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq təklifini sonuncu dəfə geri çevirib.
O, heç bir halda Azərbaycanla vidalaşmaq istəmədiyini bildirib və təzminatın məbləğiylə bağlı danışıqlar aparmaqdan imtina edib.
Ştoqrin həyat yoldaşının yenə də Bakıda yaşamaq fikrində olduğunu, onun sözündən kənara çıxmayacağını söyləyib.
Halbuki bakılı rəsmilər ona yeni komanda tapmaqda yardımçı olmaq yolunda əməli addımlar atıb.
Onlar Premyer Liqanın bir neçə klubunda çalışan həmkarları ilə əlaqə saxlayaraq, 29 yaşlı vingeri icarəyə vermək istədiklərini bildiriblər.
«Ağ-qaralar» bu keçidin baş tutması üçün Ştoqrinin məvacibinin bir hissəsini ödəməyə hazırdır.
O, 2024-cü ilin yayında «Neftçi» ilə 3 illik müqavilə imzalayıb. Roman Qriqorçukun sevimlisi onun gedişindən sonra əsas heyətdəki yerini itirib.
Samir Abasovun etimadını doğrulda bilməyən ön xətt oyunçusu yeni mövsüm üçün sifariş olunmayıb. Peşəkar Futbol Liqasına təqdim olunan iştirak ərizəsindən kənarda qalan Ştoqrin 17000 dollar əməkhaqqı alır.
Onun adı həmçinin Ukraynanın bəzi klubları ilə yanaşı hallanırdı. Bu siyahının başında vaxtilə formasını geyindiyi «Çernomorets» gəlirdi.
Fəqət, səbəbkar müharibənin davam etdiyi ölkəsinə qayıtmağı arzulamır.
Əsas da həyat yoldaşına görə. Xanımı Azərbaycanda özünü xoşbəxt sayır və ərindən burada qalmağı tələb edir.
SPORTİNFO.AZ