Yeni transfer “Neftçi”dəki durumu ilə bağlı nələri etiraf etdi?

9 Oktyabr 21:20 Neftçi 649
Yeni transfer “Neftçi”dəki durumu ilə bağlı nələri etiraf etdi?

“İlk həftələrdə müəyyən çətinliklər var idi.

Ölkəyə yeni gəlmişəm, komandada yeniyəm. Get-gedə işlər qaydasına düşür”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin legioneri Alessio Kurçi deyib.

Lüksemburqlu hücumameyilli yarımmüdafiəçi mövsümə pis başlamayıb. Şans qazandığı 6 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmənin müəllifi olub.

Lakin baş məşqçi Samir Abasov 23 yaşlı oyunçuya əsas heyət üzvü kimi güvənmir. O, yalnız ilk turda “Şamaxı”ya qarşı matçda ilk dəqiqədən meydana ayaq basıb, digər 5 görüşdə mübarizəyə əvəzetmədən qoşulub. “Sabah”a qarşı isə zədəli olduğu üçün oynaya bilməyib.

Kurçinin mövcud duruma münasibətini dinləyək:

“Meydanda olduğum dəqiqələrdə 1 qol vurub, 1 assist etmişəm. Fikrimcə, pis deyil. Verilən şansdan yararlanmağa çalışıram.

“Karvan-Yevlax”la matçda 10 dəqiqə meydanda oldum, rəqib qapıçı həmin 10 dəqiqənin 8-ni öz xeyrinə sərf etdi. Halbuki qol vuracağıma inanırdım.

Vaxt keçdikcə “Neftçi”yə daha çox fayda verəcəyimə əminəm. Hər bir futbolçu daha çox oynamaq istəyir, o cümlədən mən.

İndiki məqamda baş məşqçi bu cür düşünürsə, hörmət etməyə borcluyam. Ümumi götürsək, “Neftçi”də hər şey qaydasındadır.

Nədənsə narahat olduğumu deyə bilmərəm. Bu gedişlə nəticələr də yaxşıya doğru dəyişəcək”.

2022-ci ildən Lüksemburq millisinin heyətində 17 oyunda forma şansı qazanmış Alessio, karyerası ərzində Almaniyada “Maynz 05”in əvəzedici komandasında və Belçikada “Francs Borains”də legioner həyatı yaşayıb.

O, bu klubların heyətində bütün yarışlar nəzərə alınmaqla 117 görüşdə meydana çıxmaqla 22 qol vurub, 13 qolun ötürməsini verib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 18:10 Çək və bizə göndər!