“Hakimlər bizə qarşı haqsızlıq edə bilməyəcək” – “Neftçi”nin “10 nömrə”si

19:40 Neftçi 217
“Hakimlər bizə qarşı haqsızlıq edə bilməyəcək” – “Neftçi”nin “10 nömrə”si

“Zirə” – “Neftçi” matçında (2:2) qonaqların ən yaxşılarından biri yenə Freddi Varqas idi.

Kolumbiyalı “10 nömrə” oyunboyu çox çalışdı, komandasının bərabərlik qolunu vurdu və yekunda baş hakim Kamal Umudlunun “ağ-qaralar”ın qapısına təyin etdiyi və Ruan Renatonun dəqiq yerinə yetirdiyi bərabərlik topuna üzüldü.

Varqasla söhbətimizin məğzi də məhz hakimliklə bağlı oldu.

- Oyundan və nəticədən məmnunsan?

- Komanda şəklində yaxşı oynadığımızı düşünürəm. Hesabda geri düşsək də, xarakter və sürət sayəsində iki qol vurub önə keçdik. Fikrimcə, qələbəni haqq edirdik. Qapımıza təyin olunan haqsız penalti qələbənin əldən çıxması ilə nəticələndi. Matçdan sonra kollektiv şəkildə epizodun təkrarına baxdıq, orada penaltilik heç nə yox idi.

- Səncə, hakimlər “Neftçi”yə qarşı niyə belə davranır?

- Azərbaycana yeni gəlmişəm, çempionata uyğunlaşmağa çalışıram. Ona görə də referilərin komandamıza qarşı bu cür münasibətini anlamaqda çətinlik çəkirəm. Nə etmək istədiklərini anlamaya bilmirəm.

- Hakimlərin “Neftçi”yə məlum münasibəti sizi ruhdan salır, yoxsa əksinə?

- Belə halları davamlı gördükcə istər-istəməz pis təsir edir. Ancaq bu, bizi ruhdan salmamalıdır, əksinə, qələbə əzmini daha da artırmalıdır. “Neftçi” böyük klubdur, zəngin tarixə malikdir. Komanda şəklində elə çıxış edəcəyik ki, hakimlər bizə qarşı haqsızlıq edə bilməyəcək.

- İndiyə qədər oynadığın ölkə və ya liqalarda belə halla rastlaşmısan? Hakimlərin bir komandaya qarşı səhvləri sıralamasını nəzərdə tuturam.

- Bütün ölkələrdə hakim səhvləri var, bu, normaldır. Ancaq “Neftçi”nin matçlarında edilənlər səhv deyil, səhvdən də böyük bir şeydir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti