
“Zirə” - “Neftçi” görüşündən sonra qonaq komandanın futbolçuları özlərinə yer tapa bilmirdi.
Hesabda geri düşməsinə baxmayaraq, ardıcıl 2 qol vuran “ağ-qaralar”ın qapısına matçın başa çatmasına saniyələr qalmış penalti təyin olundu.
Baş hakim Kamal Umudlu VAR-da tam görüntüyə yox, fotoşəkillərə baxandan sonra “nöqtə”ni göstərdi ki, topa yaxınlaşan Ruan Renato görüşün 2:2 başa çatmasına səbəb olan qolu vurdu.
Mübarizəyə sonradan qoşulan və ikinci qolun ötürməsini verən lüksemburqlu hücumçu Alessio Kurçi Sportinfo.az-a açıqlamasında qısa, lakin tutarlı danışıb:
“Özünüz hər şeyi gördünüz. Nə deyəcəyimi bilmirəm.
Oyundan sonra görüntülərə baxdım. Orada penalti varsa, mən bir daha futbol oynamayacağam. O qədər əziyyət çək, qollar vur, sonu da belə”.
Paytaxt təmsilçisi 7 turdan sonra 8 xal toplamaqla “İmişli” ilə 8-9-cu pillələri bölüşür.