
Bəzən hakimlər oyun ərzində elə qərarlar verir ki, sakit insan belə, əsəblərinə və hərəkətlərinə hakim ola bilmir.
Bəzən hansısa məşqçi, yaxud futbolçunun çılğınlığını görəndə çaşıb qalırsan, Ki, bu, doğrudan həmin adamdır?
“Zirə” – “Neftçi” qarşılaşmasında qonaq komandanın baş məşqçisi Samir Abasovun köməkçisi Vəfadar Quliyevin özündən çıxması kimi.
Bu adam uzun illər futbol oynayıb, azı 10 ildir məşqçi kimi çalışır. Yaxından olmasa da, qiyabi tanışlığımız var. Ən azından üz-üzə gələndə salamlaşırıq.
Kimsə onun yanında dilinə söyüş gətirəndə, Quliyev bunun doğru olmadığını deyəcək qədər mərifət, qanacaq sahibidir. Qışqırıb-bağırmaz, artıq hərəkətlərə yol verməz, uduzanda belə, başını aşağı salıb gedər.
Bunları az-çox bildiyim üçün köməkçi-məşqçinin qırmızı vərəqə alaraq texniki zonadan qovulmasına, açığı, təəccübləndim. Görüntüləri telefonumun yaddaşına köçürdüyüm üçün təkrar-təkrar baxdım.
Bəli, Vəfadar Quliyevin özü idi. Baş hakim Kamal Umudluya haqsız penaltiyə görə kəskin etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandı.
Hakimlərin “Neftçi”nin matçlarında nələrisə görməməsini, yaxud görməzdən gəlməsini artıq bütün ölkə görməkdədir. Bu, Azərbaycan futbolu adına rüsvayçılıqdır, faciədir, zəhmətin yerə vurulmasıdır.
Təqdim etdiyimiz videoda sakit bir adamın özündən çıxması faktı Azərbaycan futbol hakimliyini bütün hallarıyla ortaya qoyur.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN