COP29

“Qurban Qurbanova bu sözləri dedim, gözlərim doldu” – İNANILMAZ ETİRAFLAR!

7 İyun 20:00 Müsahibə 2 873
“Qurban Qurbanova bu sözləri dedim, gözlərim doldu” – İNANILMAZ ETİRAFLAR!

Ömrünün 34 ilinin 17-sini “Qarabağ”ın əsas komandasına həsr edən Maksim Medvedev 2007-ci ildə başlayan yolu 2024-cü ildə başa vurdu.

Əslində səbəbkarla karyera kitabını Azərbaycan kubokunun final matçından sonra vərəqləmək istəyirdik.

Lakin Maksim ayaqüstü və tələsik söhbətdənsə, bir neçə gün səbr etməyi məsləhət gördü.

Sözünün üstündə duran Medvedev Sankt-Peterburqda ailəsi ilə birlikdə olmasına baxmayaraq, zəng vurub müsahibəyə hazır olduğunu bildirdi.

Və beləcə, “vida görüşümüz” gerçəkləşdi.

- Karyeranı 35-i gözləmədən başa vurmağa səni nə vadar etdi? Güc qalmamışdı, yoxsa başqa planlar var idi?

- 34 yaş mənə görə futbolda aysberqin zirvəsidir. Gizlətmirəm, son vaxtlar oyunlar, məşqlər, bir sözlə, monotonluq məni yorurdu. 17 ildir “Qarabağ”ın əsas heyətində yer alırdım, 13 il Azərbaycan millisinə dəvət olunmuşam, ondan əvvəl müxtəlif yaş qruplarından ibarət yığmalarda oynamışam. Ömrümün yarısı yollarda, təyyarələrdə, səfərlərdə keçdi. Yaşa dolduqca özümdə təmbəllik hiss edirdim, əvvəlki qədər həvəsli olmadığımı anlayırdım.

- Üstəlik, ailə, üç övlad atası olmağın məsuliyyəti.

- Eynən. Uşaqlar böyüyür, qayğılar artır və mən evə heç cür vaxt ayıra bilmirdim. Oğlan uşaqları elədir ki, mütləq atanı yanlarında hiss etməlidirlər. Bu və digər amillər zamanla psixologiyama təsir etməyə başlamışdı. Evə gəlirdim, yorğunluq, halsızlıq. Uşaqlara yarım saat zaman ayırmağa imkanım olmurdu. Sakitliyə çəkilib, qapını da bağlayıb televizora baxırdım ki, özümə gəlim. Bəzən bezirdim, açığı.

- “Qarabağ”da oynamağın məsuliyyəti də özünü göstərirdi yəqin.

- “Qarabağ” kimi komandada oynayırsansa və 34 yaşın varsa, sən hamıdan artığını etməlisən, hər kəsə nümunə olmalısan. Ya bunu bacarmalısan, ya da getməlisən. Yaş artıqca fiziki yüklənmələr, ağrılar özünü göstərir. Bəzən gənclərlə mübarizədə çatdırmırsan, nədəsə geri qalırsan. Gənclər bir tapşırığa 70 faizini etməklə çatanda, sən 100 faiz qoymalısan. Yaşlı futbolçular daha çox güc sərf etməli olur ki, bəzən yüklənməyə dözmürsən. Adamı ən çox yoran daşıdığın məsuliyyətdir. Gənc olanda bəlkə də buna fikir vermirdik, amma yaşa dolduqca anlamağa başlayırsan. Yorğunluq, yuxusuzluq, məsuliyyət – hərəsindən bir az yığıldığını görüb, getmək qərarı verdim.

- Həyat yoldaşınla övladlarının verdiyin qərara reaksiyaları necə oldu?

- Buna hamıdan çox sevinən xanımımdır yəqin. Nəhayət futbolun bütün yükünü, məsuliyyətini, yorğunluğunu çiyinlərimdən atıb ailəmə, anama, doğmalarıma vaxt ayıra biləcəyəm. Yaşadıqlarımı ən çox görən və anlayan həyat yoldaşım idi. Yalnız bu insan mənim nə qədər stres yaşadığımı, əsəb keçirdiyimi, ağrılardan, zədələrdən əziyyət çəkdiyimi, yuxusuz qaldığımı görürdü və hiss edirdi. Oyundan sonra dərhal evə gəlib televizorda təkrara baxırdım ki, hansı epizodlarda səhvə yol verdiyimi görüm. Bu anların hamısını xanımım mənimlə birlikdə yaşayıb. Digər tərəfdən, hər bir qadın ailə başçısının yanında olmasını istəyir.

- Deməli, ailəyə istədiyin qədər vaxt və diqqət ayıra bilməmək də səni sıxırdı.

- Əlbəttə. Gəlib soruşurdular ki, bizi Qusara, yaxud Qəbələyə nə vaxt aparacaqsan? Mən onlara dəqiq tarix deyə bilmirdim və içimdə əziyyət çəkirdim. Bir çox məsələlərdə uşaqlara lazım qədər zaman ayıra bilmirdim. Uşaqlar bəlkə də karyeramı başa vurmağımın incəliklərini dərindən dərk etmir. Amma xanımımın buna sevindiyinə 100 faiz əminəm.

- Evə daha çox vaxt ayıracaqsan, gümrah olacaqsan, bu, öz yerində. İşin başqa tərəfi də var axı. Cüzdanın əvvəlki kimi dolu olmayacaq.

- Mənə görə həyatı cüzdanın və pulun üzərində qurmaq düzgün deyil. Onsuz da, futbol oynadığım dönəmlərdə belə, krallar kimi yaşamamışam. Adi azərbaycanlı ailəsi kimi müəyyən büdcəmiz olub və həmin büdcəyə əsasən dolanmışıq. Maaşım 5 manat olanda da belə olub, 50 manat olanda da. Bu gün dünənə nisbətən çox qazanıram deyə artıq hərəkətlər etməmişik, çərçivədən çıxmamışıq. Hə, imkan daxilində restoranlara getmişik, uşaqları əylənməyə aparmışıq, yenə deyirəm, müəyyən çərçivə daxilində. Tək bu günlə yaşamamışıq, az da olsa sabahı düşünmüşük. Buna görə də ailəm üçün cüzdandan və puldan önəmlisi mənim onların yanında olmağımdır.

- Karyeranı bitirməyinlə bağlı qərara Qurban Qurbanovun reaksiyası necə oldu? Harda görüşdünüz, nə vaxt dedin, onun cavabı necə oldu?

- Realist adamam, xəyallarla yaşamağı sevmirəm. Başa çatan mövsümdə ehtiyatda qalanda və cəmi 19 oyunda şans qazananda başa düşmüşdüm ki, növbəti mövsümdə bundan da çətin olacaq. Komanda yoldaşlarım fiziki gücümü və təcrübəmi nəzərə alıb çempionatda daha 2-3 il oynaya biləcəyimi deyirdilər. Açığı, rəhbərliklə və baş məşqçi ilə danışıb, maaşımın azaldılması şərti ilə daha 1-2 il qala bilərdim. İstəmədim. Görəndə ki, “Qarabağ” Maksimsiz də nəsə etməyi bacarır, qalmağın, gənclərin yerini tutmağın nə mənası var? Çempionatın sonuna təxminən 1 ay qalmış bazada özümə yaxın insanlarla bu barədə danışdım, fikrimi bildirdim, onların düşüncələrinə qulaq asdım və yekunda ürəyimin dediyi səsi dinləyib addım atdım.

- Bəs, Qurban Qurbanovla görüş?

- Baş məşqçimizdən mənə 5 dəqiqə vaxt ayırmasını xahiş etdim, razılaşdı. Otağına qalxdım, mənə doğma olan insanla üzbəüz oturdum. Dedim, hoca, sizin sözünüz yadımdadır, demişdiniz ki, kimsə zəif oynayanda, ya da məşq edəndə mənə elə gəlir ki, artıq doyub, bezib. Bu sözləriniz indi sanki mənə aiddir, artıq doymuşam, futbol oynamaq istəmirəm, kluba fayda verə biləcək motivasiyam yoxdur. Ad xatirinə oturub, ortalıqda fırlanmaq istəmirəm.

- O, nə dedi?

- Sona qədər diqqətlə qulaq asdı. İnsanlığıma, etdiklərimə, davranışlarıma və səmimi etiraflarıma görə təşəkkür etdi. Dedim, hoca, başqa komandaya getmirəm, karyeramı “Qarabağ”da başa vururam. Ondan sonra nə mən söz deyə bildim, nə də hoca. Gözlərim doldu, baxdım ki, ona da çətindir, ayağa qalxıb qucaqlaşdıq. Dedi, Maks, Allahın izni ilə ölkə kubokunu qazanaraq, kuboku qaldırarsan və bu, sənin üçün major not olar. Yekunda klubun qapılarının hər zaman üzümə açıq olduğunu bildirib, yaxın zamanda gələcək planlarla bağlı yolumu gözləyəcəyini söylədi.

- Göz yaşlarını Qurban Qurbanovun otağında qoyub gəlmişdin deyə, final günü klub rəhbərliyi sənə xüsusi hazırlanmış formanı təqdim edəndə ağlamadın?

- Qurban Qurbanov bu komandanı yaradan şəxsdir. İndiyə qədər rəhbərlik heç vaxt gəlib hansısa futbolçuya nəsə deməyib, yaxud hansısa futbolçunu ikili söhbətə çağırmayıb. Bunu baş məşqçimiz edirdi. Hər bir futbolçunun böyük qardaşı Qurban Qurbanovdur. O, səni tərifləyə də bilər, qulağının dibinə “ilişdirə” də. Hoca özü futbolçu olub deyə, bizi ondan yaxşı başa düşən olmaz. Hətta necə nəfəs aldığımızı da bilir. Ona görə də mənim üçün ən təsirli an bu insanla vidalaşmaq idi.

- Bundan sonra özünü hansı işin başında görürsən? Məşqçi, menecer, yoxsa idarəçi?

- Açığı, bu günlərdə məni ən çox düşündürən elə bu sualdır. Özümə uyğun olan doğru yol seçməliyəm. Ambissiyalı insanam, meydanda olmağı, rəhbərlik etməyi, səhvləri görməyi və göstərməyi xoşlayıram. Bu işdə böyük təcrübəyə sahibəm. 16 il Qurban Qurbanovla işləmək və onun iş metodunu görmək zəngin təcrübə deməkdir. Məsələn, mənə həmişə maraqlı olub ki, “Qarabağ”dakı sistem necə işləyir? Bəzən özümə sual verirəm ki, Maksim, sən Azərbaycan futbolunun inkişafına necə dəstək ola bilərsən?

- Maksim hansı cavabı verir?

- Bilirəm ki, çox şey edə bilərəm. Hansı nöqtələrdə boşluqların olduğunu görmək, niyə bir yerə qədər irəlilədikdən sonra qəfil dayanmağımız, əvəzedici komandaların üzvlərinin əsas komandanın futbolçuları ilə rəqabət apara bilməmələri, akademiyalarda uşaq futbolundan Premyer Liqaya qədər yol açmaq üçün vahid sistemin olmaması – bu və digər məqamlar mənim üçün ciddi suallar yaradır. İki oğlum futbolla məşğul olur, baxıram ki, ortada iş var, ancaq nəticə tam istənilən səviyyədə deyil. Başqa bir nümunə, əvəzedici komandaların oyunçuları bizimlə məşqə gələndə onların hazır olmadıqlarını görürdüm. Arada qırılmalar var, həmin nöqtələri tapıb problemləri aradan qaldırmalıyıq. Əvəzedici komandadan əsas heyətə yüksələn və özünü sübut edən son dövrün yetirmələri mən, Qara Qarayev, Rauf Əliyev, Əfran İsmayılov olduq. 15 il bundan əvvəl biz əsas komandanın məşqlərinə qoşulub, 1 il məşq edəndən sonra “11-lik” üzvlərinə çevrilməyi bacarmışdıq. İndiki gənclər 2 ildir əsas komanda ilə birlikdədir, ancaq gözlənilən effekti vermirlər. Bəzən düşünürəm, niyə “Sabah”la “Neftçi”nin akademiyaları nəticə baxımından “Qarabağ”ı qabaqlayır?

- İdarəçi olmaq istəyirsən deməli...

- Futbolçu karyerasını başa vuran kimi ilk işi nə olur? Kurslara qatılıb kateqoriya almaq və məşqçi kimi işə başlamaq. Sözsüz, mən də kateqoriya alacağam. Bu, praktikadır. Bir də var nəzəriyyə. Mənə görə biz həm də nəzəriyyəni bilməli, oxumalıyıq. Bayaq sadaladıqlarım şəxsən mənə çox maraqlıdır. Məsələn, sonuncu mövsümdə ehtiyat oyunçular skamyasında oturanda futbola futbolçu yox, analitik gözü ilə baxırdım. Çünki futbolçu kimi meydana çıxacağım təqdirdə hansı iş görəcəyimi bilirdim.

- Məsələn, analitik kimi nələrə diqqət yetirirdin?

- Məşqçilərin işinə baxırdım. Məsələn, hansı dəqiqədə əvəzetmə edəcək, hansı futbolçuları dəyişəcək, çətin anda əvəzetmələrə əl atacaq, yoxsa taktiki sxemi dəyişəcək. Elə oyunlar olurdu ki, Qurban Qurbanovun hansı əvəzetmələr edəcəyini deyirdim və ehtimalım özünü doğruldurdu. Bunu rəqib komandalar üçün də edirdim. “Turan Tovuz”la matçda hansı dəqiqələrdə kimlərin dəyişdiriləcəyini dedim, düz çıxdı. Baxıram ki, məşqçilik üçün də potensialım var.

- Öncə Rəşad Sadıqov getdi, sonra Qara Qarayev, indi də sən. Bundan sonra baş məşqçinin “sağ əli” kim olacaq?

- Qurban müəllim o qədər güclü insandır ki, “sağ ələ” ehtiyacı yoxdur. O başqa məsələ ki, komandada təcrübəli futbolçular olmalıdır. Bu gün “Qarabağ”da Bədavi var, Bəhlul yetişir, mental olaraq Toralla Abbası həmin rolda görürəm. Konkret ad çəkmək düzgün deyil, dediyim kimi, belələri çoxdur.

- Hər zaman üzdə olan 3-5 futbolçudan biri olmusan. Və mütləq ki, karyeran ərzində sənə başqa klublardan sərfəli təkliflər gəlib. Həmin klubların adlarını çəkə bilərsən?

- Azərbaycan klublarından “Bakı”yla “Neftçi”nin adını çəkə bilərəm. Təklif gələn kimi baş məşqçimizə deyirdim. O də mənə hörmət əlaməti olaraq gedib görüşməyi, daha yaxşı şərtlər olacağı təqdirdə gedə biləcəyimi söyləyirdi. Deyirdim, yox, mənə “Qarabağ”da rahatdır və heç yerə getmək istəmirəm. Hörmət əlaməti olaraq gedib görüşürdüm, təkliflərə qulaq asırdım, sonra da zəng edib alınmayacağını bildirirdim. Bunu sırf etika xatirinə edirdim.

- Bəs, ölkə xaricindən?

- Vaqif Cavadov “Tvente” ilə müqavilə bağlayan ildə həmin klub mənimlə və Rəşad Sadiqovla da maraqlanırdı. Sonra “Rostov”dan əlaqə saxlamışdılar, “Astana” rəsmiləri danışıqlar üçün hazır sənədlərlə Bakıya gəlmişdilər. Hətta təklif etdikləri məvacib “Qarabağ”da qazandığımdan iki dəfə artıq idi. Getmədim.

- Nə idi səni “Qarabağ”a bağlayan?

- Sadiqlik. Düşünürdüm ki, artıq pul qarşılığında “Qarabağ”dan getsəm satqın sayılaram. O vaxt əsas heyətdə oynayırdım, vitse-kapitan idim, baş məşqçi və klub rəhbərliyi ilə çox yaxşı münasibətlərim vardı və ən əsası özümə qarşı sevgini görürdüm. Hətta qarşı tərəfə hörmət əlaməti olaraq danışıqlara gedəndə belə, özümü satqın kimi hiss edirdim. Maraqlı fakt deyim.

- Buyur.

- Bəlkə də yeganə futbolçuyam ki, karyeramboyu heç bir menecerlə əməkdaşlıq etməmişəm. İlk gündən sona qədər agentim olmayıb. Menecer dostlarım var, amma əməkdaşlıq etməmişik. Bir çox futbolçular kimi heç vaxt klubla bazarlıq etməmişəm. Üzbəüz oturub danışmışıq, təklif olunan şərtlərlə razılaşmışam.

- “Qarabağ” sənə çox şey verdi, yoxsa sən “Qarabağ”a?

- Bu suala mənim cavab verməyim doğru olmaz. Bir şey deyə bilərəm ki, qazanılan uğurlara birlikdə imza atmışıq, “sən, mən, o” şəklində yox. Ortada nəticə varsa, deməli, klub və futbolçu olaraq bir-birimizlə əlaqə qurmağı bacarmışıq. “Qarabağ” mənə nə qədər veribsə, mən də kluba bir o qədər vermişəm. Bu, bilirsiniz nəyə bənzəyir? Ata oğula çox şey verib, yoxsa oğul ataya? Sözsüz, oğul valideynə atalıq xoşbəxtliyi verir, ata övladına sevgi ötürür.

- Geriyə boylanıb 17-18 illik yola baxanda “kaş filan şeyi elə yox, belə edərdim” dediyin nöqtə hansıdır?

- Təbii ki, mələk deyiləm, mənim də səhvlərim, çatışmazlıqlarım olub. Elə şeylər var ki, indi yadıma salanda utanıram. Buraxdığım səhvləri 23-24 yaşımda anlamağa başladım. Kaş onları 18 yaşımda dərk edərdim.

- Məsələn, nələri?

- Cavanlıq vərdişlərini - gecə klubları, əyləncələr, rejimsizlik. Bunların mənasız olduğunu gec – 23-24 yaşımda anlamağa başladım. Digər tərəfdən bunlarsız da olmur. Sanki həyatın qanunudur. Böyüyürsən, birdən pul qazanmağa başlayırsan. Ətrafında dostlar olur, ad-san sahibisən, zövqlə geyinirsən, cibində pul, altında maşın. O dönəmdə belə də lazımdır kimi düşünürsən. Çünki 18-19 yaşındakı ağıl daha artığını düşünməyə imkan etmir. Amma yaşa dolduqca etdiyin hərəkətlərin mənasız olduğunu anlayırsan.

- Cavanlıq demişkən, Elvin Cəfərquliyevin son 1 ildəki davranışlarına münasibətin necədir? Kapitan kimi onunla söhbət etmisən?

- Elvin komandamıza yeni gələndə uzun müddət onu tanımağa, anlamağa çalışırdım. İlk növbədə “bu, necə adamdır” sualına cavab tapmaq mənim üçün maraqlı idi. Çox qəribə insandır. Bəzən oturub ciddi söhbət edirəm, elə qulaq asır ki, bilmirəm, həqiqətən fikri məndə olur, yoxsa yola verir. Sonda insanın bu təbiətdə olduğunu başa düşürəm. Çempionluq tədbirində medal almaq üçün səhnəyə çıxanda etdiyi hərəkətlər ətrafdakılarda onun haqqında avara fikrini formalaşdırdı. Onu yaxından tanıyanlar bilir ki, əslində tam başqa adamdır.

- Etdikləri normaldır deyirsən?

- Yox, başqa şeyi demək istəyirəm. Elvinlə Maksimin arasında 10 yaşdan çox fərq var. Biz Elvinin yaşında olanda düşüncələrimiz və gördüklərimiz tam başqa idi, belə şeylərə fərqli yanaşırdıq. Ancaq indiki dövrün uşaqlarında yanaşma başqa cürdür. Evimdə üç oğlan böyüyür, onlar 20 yaşa çatanda nələr edəcəyini indidən deyə bilmərəm. Bəlkə də medal götürəndə brek-dans oynayacaqlar və bunu normal qarşıladıqlarını deyəcəklər. Necə ki, bu gün Elvinin etdiyi hərəkətlər özü üçün adi haldır. Məsələn, mənim 23 yaşım olanda medalımı götürməyə o formada gedə bilməzdim. Amma indiki gənclər bunu rahat şəkildə etməyi bacarırlar. Bu, onların tərzidir. Xoşumuza gəlməsə də, baxıb keçməliyik. Eyni zamanda düz etmədiklərini də deyə bilmərik.

- Xanımın bütün bunlarla qəbullanıb?

- Həyat yoldaşım özü deyir ki, mən Bakıdan heç yerə gedən deyiləm. Dəniz var, havası möhtəşəmdir, şəhər gözəldir, insanlar qonaqpərvərdir. Keçən dəfə sual verirəm ki, indiyə qədər Bakıda blokun qarşısında dayanıb pivə şüşəsini başına keçirən kişi görmüsən? Deyir, yox. Amma Rusiyada elə məhəllələr var ki, bloka girirsən, 4-5 nəfər oturub rahat şəkildə araq içirlər. Sakitlik, mədəniyyət, insanlıq – Azərbaycanda hər şey var. Keçən dəfə Gəncəyə getmişdik.

- Aha...

- Gəncəyə getdik, oradan Göygölə qalxanda yolda maşını saxladım. Bir qadın var idi, söhbət etdik, bir də baxdım ki, yoldaşımı qucaqlayıb buraxmır. Elə bilirdi turistlərik, qonaq gəlmişik. Əl çəkmir, deyir, gedək bizə, yemək yeyək, sonra hara istəyirsiniz gedərsiz. Adımızı belə bilməyən insan bizi evinə salır ki, yemək versin, mehribanlıq göstərsin. Bunları Rusiyada görə bilərikmi? Xeyr.

- Övladlarından ikisinin futbolla məşğul olduğunu bilirəm. Gələcəyin Maksimi ola biləcəklər?

- Bu dəqiqə böyük oğlum ən çətin dönəmdə - keçid dövründədir. Bu dövrü uğurla keçə bilsə və futbola olan sevgi onu tərk etməsə, yaxşı futbolçu olacağına ümid edirəm. Uşaqların əksəriyyəti 14-15 yaşına çatanda özünə rahat olan sənətə üz tutur. Bir gün gəlib deyə bilər ki, etdiklərinizə görə təşəkkür edirəm, mən özümü filan sahədə görürəm. Həmin an heç nə edə bilməzsən, yalnız içində ağlamaqla kifayətlənəcəksən. Axı bu qədər əziyyət çəkmisən, xərc qoymusan. Valideynlər bu kimi hallara hazır olmalıdır. Məsələn, mən özümü çətin də olsa buna hazırlamışam. Hələ ki, futbolu sevirlər, oynayırlar, görək 3-5 ildən sonra necə olacaqlar.

- Karyeranı bütünlüklə “Qarabağ”a həsr etdin. Bundan sonra sənin qədər sədaqətli biri tapılacaq?

- Açıq danışaq, indiki gəncliyin vəziyyətini görəndə, bir neçə ildən sonra hansısa futbolçunun bir komandada heç olmasa 5 il oynaması möhtəşəm addım sayılacaq. Ona görə də inanmağım gəlmir. Əsas komandada 17-18 il yer aldım. Amma söhbət “Qarabağ”da olduğum müddətdən gedirsə, bu, 20 ildir. Əsas komandaya gələnə qədər əvəzedici heyətdə çıxış edirdim. Azərbaycanda bir kluba 20 il sadiq qalmaq, 552 oyunda forma geyinmək hər adama nəsib olmur.

- Qurban Qurbanov məlumdur, onu çıxırıq. Bu yerə gəlib çıxmağında kimə borclusan?

- İki qadına – ilk növbədə anama, sonra həyat yoldaşıma. 11 yaşım olanda atamı itirmişəm və ailəmizin bütün yükü anamın çiyinlərində olub. Bacımla məni böyütmək üçün çox əziyyətlərə qatlaşıb. Xüsusən futbolçu kimi yetişməyimdə anamın böyük rolu var. O vaxt futbol oynamaqla yanaşı, həm də məktəbdə yaxşı oxuyurdum, Azərbaycan Dövlət Tibb Universitetində təhsil almaq istəyirdim. Həm futbol oynayırdım, həm yaxşı oxuyurdum, həm də akrobatika ilə məşğul olurdum. 11-ci sinifdə gündəliyimdə cəmi 3 dənə “4” var idi. Futbolu çox sevirdim, anamın dəstəyi ilə futbolu davam etdirdim və 14 yaşımda ilk dəfə evə maaş gətirdim. Ailə qurandan sonra isə dəstək vermək missiyası həyat yoldaşına keçdi. Bəxtim gətirdi ki, gənc yaşlarımda qarşıma yaxşı insan çıxdı. Bu iki qadın karyeramın uğurlu alınmasında böyük zəhmət sahibləridir. Və təbii ki, varlıqlarından motivasiya aldığım övladlarım.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"