Sadıq Sadıqov ad-soyadını internet qaynaqlarındakı axtarış sisteminə vursanız, qarşınıza yüzlərlə xəbər çıxar.
Hamısı da idmanda - futbolda, cüdoda, güləşdə, boksda, basketbolda qazanılan uğurların memarı kimi.
Müasir Azərbaycan idmanının inkişafında Sadıqovun müstəsna xidmətləri var . Rəhbərlik etdiyi idman cəmiyyətləri və klubların adı daim uğurlarla yanaşı çəkilib. Medal və kuboklar çəkilən əziyyətin güzgüsünə çevrilib.
Bu günə qədər Olimpiya Oyunlarında, eləcə də Dünya və Avropa çempionatlarında qazanılan medalların təxminən yarısında Sadıq Sadıqovun zəhməti danılmazdır. Məhz onun rəhbərlik etdiyi idman cəmiyyətində yetişmiş idmançılar Azərbaycan adını beynəlxalq döyüş meydanlarında fəxrlə təmsil edib, bayrağımızı dalğalandırıb. Adları bir-bir sadalasaq, yazıya yer qalmaz.
“Neftçi” futbol klubunun tarixi ərzində ilk dəfə ardıcıl 3 dəfə ölkə çempionluğunu bayram etməsi, Azərbaycan futbolunun tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanması, iki dəfə Azərbaycan kubokunu başı üzərinə qaldırması, “ağ-qaralar”ın ən parlaq heyətə sahib olması məhz Sadıq Sadıqovun klubdakı 5 illik fəaliyyətinə təsadüf edib.
Bu günə qədər adı futbolçuların, soyadı azarkeşlərin dilindən düşmür. Hər dəfə söz “Neftçi”dən açılanda, yenidən futbol klubunun rəhbər postuna gəlməsi arzu edilir.
Sadıqovun 30 ildir Azərbaycan idmanının inkişafına verdiyi töhfə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqətindən kənarda qala bilməzdi. Ölkə başçısı Sadıq bəyin rəhbər xidmətlərini yüksək nailiyyət kimi dəyərləndirib, səbəbkarı “Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, ardınca "Tərəqqi" medalına layiq gördü.
Noyabrın 9-da ömrünün yarısından çoxunu idmana həsr edən yubilyarın 60 yaşı tamam olur. Düşünmək olardı ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Sadıqov Azərbaycan idmanındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunan 875-ci şəxsə çevriləcək. Və 5 ildən sonrakı növbəti yubileyində idman ictimaiyyəti ilə əl sıxıb təqaüdə yollanacaq.
Lakin fərqli mənzərənin şahidi olduq. Sadıq Sadıqov 60 yaşının tamamına sayılı günlər qalmış “Neftçi” İK-dakı aparat rəhbəri postu ilə vidalaşıb, İdarə Heyəti sədrinin müşaviri postuna təyinat aldı.
Bəlkə də yaxın günlərdə adını daha yüksək vəzifələrdən birində görəcəyik, bəlkə də bu şəkildə davam edəcək – demək çətindir. İndiki məqamda görünən və hiss olunan budur ki, tanınmış idman xadimi idmandan uzaqlaşmağa doğru gedir.
HƏBİB / SPORTİNFO.AZ

