AFFA-nın Hakimlər Departamentinin sədri Bəhruz Teymurov son vaxtlar hakimlərin ünvanına səslənən ittihamlara münasibət bildirib.
Sitat: "Hakimlər qərəzlidir demək çox asandır. Bu cür iddialar və fərziyyələrin arxasında sübut durmalıdır. Sübut yoxdursa, bu, ölkə futbolu üçün təhlükəlidir.
Tutduğumuz yol sırf obyektiv şərhlər vermək və ədaləti qorumaqdır”.
Hakimlər departamentinin rəhbərinin narahatlığı həm başa düşülən, həm də sevindirci haldır.
Deməli, başverənlər onları da düşündürür.
Amma mətbuatı, klubları və azarkeşləri da başa düşmək lazımdır.
Bəli, hakimlərin qərəzli olması ilə bağlı əldə əyani sübutlar yoxdur.
Bunu əldə etmək də qeyd etdiyim sferada olan adamların məsuliyyətində deyil.
Amma dünyanın müxtəlif ölkələrində olan hakimlər, azərbaycanlı köhnə hakimlər AFFA-nın hakimi Rəvan Həmzəzadənin, AFFA-nın Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun səhv qərarlar verdiyini təsdiqləyirsə, bizdə niyə şübhə yaranmasın?
Futbol ictimaiyyətinə niyə "hakimlər qərəzlidir" fikri hakim kəsilməsin?
Axı FİFA-nın oyun qaydaları onun bayrağı altında keçirilən bütün görüşlərə şamil olunur.
Nüfuzlu Çempionlar Liqasında penalın verildiyi əllə oyunların bənzərinə Azərbaycan Premyer Liqasında hakimlərin fiti susur.
Bu halda futbol ictimaiyyətinin narazı, narahat olmağa haqqı var.
Bəlkə "hakimlər qərəzlidir" deməyə də.
XANOĞLAN / SPORTİNFO.AZ

