Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Misli Premyer Liqasının 29-cu turunda “Neftçi”yə qarşı keçirilən oyundan (5:1) sonra sualları cavablandırıb.
- Böyük hesablı qələbəni necə şərh edərdiniz?
- Maraqlı oyun alındı. “Neftçi” ilə görüşlərimiz derbidir, həmişə gərgin keçir. Stadionda bu gün atmosfer əla idi. Azarkeşlər möhtəşəm idilər. Buna görə də onlara təşəkkür edirəm. Məncə, hamı üçün maraqlı oyun alındı
- Qollar vurdunuz, möhsuldar ötürmə etdiniz. Çıxışınızı necə dəyərləndirirsiniz?
- Şükürlər olsun ki, çıxışım belə uğurlu alındı. Derbidə qol vurmaq ayrı bir sevinc verir. Bu oyuna çox ciddi, motivasiyalı hazırlaşmışdıq. Mənim üçün də qollar vurmaq, assist etmək, komandaya fayda vermək sevindiricidir. Xüsusən də belə bir oyunda. Lakin dayanmalı deyilik. Qarşıda 4 gündən sonra daha bir oyun var. Həmin matça da ciddi hazırlaşmalıyıq.
- Maraqlıdır ki, 5 il əvvəl də bu stadionda böyük hesablı qələbə qazanmışdınız və siz qol vurmuşdunuz...
- Bu, çox xoşdur. Böyük hesablı qələbə qazandığımız üçün də, fərqləndiyim üçün də şadam. Sevindirici haldır.
- Bu oyuna qədər elə vəziyyət yaranmışdı ki, “Turan Tovuz” sizi hətta ikinci pillədən sıxışdıra da bilərdi. “Neftçi” üzərində qələbədən sonra bu təhlükənin sovuşduğunu demək olar?
- Bəli, turnir cədvəlində “Turan Tovuz”la aramızda xal fərqi azalıb. Bu səbəbdən də “Neftçi” ilə matçda mütləq qələbə qazanmalıydıq. Bunun üçün də əlimizdən gələni etdik. Verilən tapşırıqları bu gün üçün yerinə yetirdik.
- “Neftçi” azarkeşlərinin davranışını necə qiymətləndirirsiniz? Hətta oyundan sonra Emil Balayevə yaxınlaşıb etirazınızı bildirdiniz...
- Bəli, dedim. Emil “Neftçi”nin kapitanlarından biridir. Hamı razılaşar ki, bu, düzgün deyil. Biz həm “Neftçi”yə, həm də komandanın azarkeşlərinə həmişə hörmətlə yanaşmışıq. Çünki “Neftçi” böyük klubdur. Azərbaycanın ən böyük klublarından biridir. Dediyim kimi, biz hörmətlə yanaşırıq. Hörmətin qarşılığı da hörmət olmalıdır. Bu barədə deyəsi başqa sözüm yoxdur.
- “Sabah” artıq 2 oyundan sonra çempionluğunu rəsmiləşdirə bilər. Bu məqam sizə necə təsir edir?
- Biz çalışırıq öz işimizi görək. Başqa komandaların uğurları, ya uğursuzluqları barədə düşünmürük. Hər oyuna maksimum köklənirik ki, maksimum da nəticə qazanaq. İşimiz budur. Hər matça ciddi yanaşmalıyıq.

