“Elə komanda quracağıq ki...” - Portuqaliyalı millimizlə bağlı ümid verdi

20:40 Müsahibə 117
“Elə komanda quracağıq ki...” - Portuqaliyalı millimizlə bağlı ümid verdi

2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlaşan U-20 millimiz Ruy Jorjenin rəhbərliyi altında Qəbələdə ilk təlim-məşq toplanışına start verib.

30-a yaxın jurnalistin izlədiyi bugünkü məşq prosesindən sonra yığmanın portuqaliyalı baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb.

- Hazırlıq prosesi ilə bağlı fikirlərinizi eşitmək maraqlıdır.

- Geridə qalan müddətdə keyfiyyətli məşqlər keçmişik. Oyunçulardan istədiyimiz geridönüşü ala bilirik. İki həftəlik təlim-məşq toplanışından razı qaldığımı deyə bilərəm.

- Bu dəfəki toplanışda yoxlama görüşlərinin keçirilməməsinin səbəbi nədir?

- Milli üzvlərini daha yaxından tanımaq istəyirdim. İlk yoxlama oyunundan əvvəl hansı səviyyədə olduğumuzu bilmək mənim üçün maraqlı idi.

- Milli ilə ilk tanışlığınızı nəzərə alsaq, təəssüratlarınız necədir?

- Futbolçuların işə yanaşmasından razıyam. Çox istəklidirlər və bizim oyun fəlsəfəmizə uygun gəlirlər. Öyrənməyə və inkişaf etməyə can atdıqlarını görürük.

- Millidə hansı oyun fəlsəfəsini tətbiq edəcəksiniz?

- Hazırda bunu demək çox çətindir. Sözsüz ki, bütün komandalar hücumameyilli oynamaq istəyir. Çalışacağıq ki, bu istiqamətdə gedək. Amma bunun üçün keyfiyyət lazımdır. Keyfiyyətin artması üçünsə çox məşq etməliyik.

- Qarşıdakı toplanışında yoxlama oyunları nəzərdə tutulub?

- Bəli, olacaq. Çox güman ki, xarici rəqiblərdən birinə qarşı oynayacağıq.

- Heyəti formalaşdıranda yerli məşqçilərin fikirlərini öyrənmisiniz, yoxsa öz seçimlərinizdir?

- Hazırda düşərgədə olan futbolçular daha öncə digər yaş qruplarından ibarət millilərə dəvət olunmuş oyunçulardır. Son oyunları izləyib qərar vermişik.

- Sizdən əvvəl burada tanınmış məşqçilər çalışıb, amma heç biri uğur qazanmayıb. Artıq komanda ilə tanışsınız. Şanslarınızı necə qiymətləndirirsiniz?

- Əvvəlki məşqçilər barədə danışmaq düzgün olmaz. Bura oyunçuların keyfiyyətini artırmaq üçün gəlmişəm. Gələcəyə fokuslanmışam. Bunun üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, elə komanda quracağıq ki, bütün ölkə onunla fəxr edəcək. Bu, mənim üçün çox vacibdir. Oyunların nəticəsi məşqlərin məntiqi sonluğu olmalıdır. U-20 dünya çempionatına ev sahibi kimi qatılacağıq. Sözsüz ki, bizimlə dünya çempionatına vəsiqə qazanacaq komandalar arasında böyük fərq var. Digər iştirakçılarla aramızdakı fərqi azaltmaq üçün çox işləməliyik.

HƏBİB / SPORTİNFO.AZ

Qəbələ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti