“Arxamıza yox, önümüzə baxırıq” - Heç nədən narahat deyil

16:40 Müsahibə 122
“Arxamıza yox, önümüzə baxırıq” - Heç nədən narahat deyil

“Qəbələ”nin seneqallı legioneri Seydina Keyta Sportinfo.az-ın suallarını cavablandırıb.

33 yaşlı müdafiəçi “Araz-Naxçıvan”la 1:1 başa çatan görüşdən sonra saytımıza verdiyi müsahibədə bəzi maraqlı məqamlara aydınlıq gətirib.

- 1:1-ə “5” üzərindən neçə verə bilərsən?

- Əslində qalib gəlməli olduğumuz oyun idi. İndiki vəziyyətdə, üstəlik, avrokuboklar uğrunda mübarizə aparan rəqiblə qarşılaşmada 1 xal qazanc hesab olunmalıdır. Lakin qələbəyə çox yaxın idik. Ələ düşən imkanları dəyərləndirsəydik, indi 3 xalı bayram edirdik. Eybi yox, növbəti oyunlarda istəyimizə çatarıq.

- Sevinməyinizə nə mane oldu?

- İlk növbədə buraxdığımız qol zamanı sadə səhvlərə yol verməyimiz. Rəqibin hesabı bərabərləşdirməsinə rahat şəkildə imkan verdik. Həm də dediyim kimi, qol şanslarını boşa verdik.

- Finişə 4 tur qalmış sonuncu pillədəki “Karvan-Yevlax”la xal fərqi 6-dır. Bu fakt narahatlıq yaradır?

- “Karvan-Yevlax”la işimiz yoxdur. Bizi öz oyunumuz və nəticələrimiz maraqlandırır. Özünüz lazım olan nəticələri qazanandan sonra kimin nə etməsinin fərqi yoxdur. Bir də ki, arxamıza yox, önümüzə baxırıq. Məqsədimiz bizdən öndə yer alan komandaları yaxalamaqdır.

- “Qəbələ” göstərdiyi oyunla 11-ci pilləni haqq edir?

- Bu gün buradayıqsa, deməli, hansısa məqamlarda səhvə yol vermişik. Düzün desəm, möhtəşəm kollektivə və keyfiyyətli futbolçulara sahibik. Bir qədər diqqətli olsaydıq, bu gün bəlkə də üst pillələrin birində yer alardıq. Futbolda belə hallar olur. Baxırsan ki, əla komandadır, lakin turnir cədvəlində layiq olduğu yerdə deyil. Keçmişlə bağlı danışmaq istəmirəm. Bundan sonrakı bir ayı düşünməliyik ki, hədəfə çataq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti