«İmişli» bir həftə öncə Premyer Liqadakı yerini təmin edib.
Minimum daha 1 il elita səhnəsində o yana gedəcəklər, bu yana gələcəklər.
Qorxu-hürküdən azaddırlar artıq. Ardıcıl iki qələbə «İmişli»nin bütün ağırlığını qaldırdı. «Kəpəz» və «Qəbələ» üzərindəki qalibiyyətlərlə psixloloji yükü üzərindən atmış debütantın
«Sumqayıt» önündəki oyunu, yəqin ki, klub rəhbərliyini qıcıqlandırıb. Tək hakimə görə yox amma. Qapılarına verilən penalti gülməli göründü, düzdür. Amma bu, birinci dəfə deyil ki…
Birinci dəfə olmayan həmçinin Jorj Kaşkilyanın hakimlər haqda dedikləridir. Nədənsə problemli mövzu yalnız uduzduqlarında yadına düşür portuqaliyalının.
Bəzən hakimlərin onların lehinə çaldıqları yanlış fitə görə oyunu qurtardıqlarını isə heç dilinə gətirmir.
Kaşkilya nədənsə başa düşmür ki, onun barələrində söylədikləri hakimlərin qulağına da deyil. Söylədikləri, sadəcə, vızıltı kimi gəlir onlara.
Çün «İmişli» rəhbərliyi bu kimi hallarda həmişə susub, bəyanat verməyib, etiraz səsini ucaltmayıb. Burada bir dəfə səssiz qaldınsa, daha çox üstünə gəlirlər, tapdalayırlar.
İşin üstünə vaxtında düşmək lazımdır, day iş-işdən keçəndən sonra.
«Neftçi»nin acı təcrübəsi var gözümüzün önündə. Hakimlərə məqamında göz ağartmadılar deyə, odey. hər həftə anadan əmdiyi südü burunlarından gətirirlər.
Kaşkilyanın isə deyəsən, dünyadan xəbəri yoxdur, fil qulağında yatıb. Ya da ki, ağlı gedlib Portuqaliyaya.
KAMİL

