Vaqif Cavadov bugünlərdə Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinə köməkçi məşqçi təyin olunub.
O, U-20-də portuqaliyalı mütəxəssis Ruy Jorjenin yardımçısı kimi işə başlayıb.
2020-ci ildə məşqçiliyə başlayan Cavadov "Sumqayıt"da və qısa müddət Qazaxıstanın "Turan" klubunda fəaliyyət göstərib.
Məşqçiliyə "Sumqayıt"ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra "Sumqayıt-2"də baş məşqçi kimi çalışıb. O, 2024/2025 mövsümünün ikinci yarısında "Sumqayıt"ın əsas komandasının baş məşqçisi olub.
Futbolçu karyerası ərzində Azərbaycanda "Qarabağ", "Bakı", "Keşlə" (hazırkı "Şamaxı"), "Xəzər Lənkəran", "Qəbələ", "Sumqayıt", AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda "Tvente", Rusiyada "Volqa", Türkiyədə "Qaziantep BB" və "Boluspor"un heyətində legioner həyatı yaşayıb.
O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.
U-20 millimiz 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında çıxış edəcək.
Vaqif Cavadov məşqçilər üçün nəzərdə tutulan Pro kateqoriyasına yiyələnmək üzrədir. İllərdir uşaq və yeniyetmə futbolunda çalışan mütəxəssis hazırda Azərbaycanın U-20 millisində köməkçi-məşqçi, “Sumqayıt-2”də baş məşqçi vəzifəsini daşıyır.
O, Sportinfo.az-a müsahibəsində yeni planlarından danışıb.
- “Sumqayıt”dan ayrılmısınız?
- Hələ ki, yox. Pro kateqoriyası üçün imtahan verəcəyəm deyə, klubdakı işimi davam etdirirəm. Mövsümün sonuna qədər iki yerdə çalışacağam. Yaydan etibarən sırf millidə işləyəcəyəm.
- Ancaq U-20 millisində?
- Bəli-bəli.
- İki həftəlik toplanış başa çatmaq üzrədir. Portuqaliyalı baş məşqçidən fərqli olaraq siz futbolumuzun incəliklərinə daha yaxından bələdsiniz. Hazırda futbolçuların səviyyəsi ilə bağlı ümumi vəziyyət necədir?
- Baş məşqçimiz yeni gəlib. İlk təlim-məşq toplanışımızdır. Klubların çempionatının davam etdiyini nəzərə alsaq, gündə bir dəfə məşq edirlər. Bir dəfə olsa da, intensivlik yüksək həddədir. Hər gün 1 saat 30, 1 saat 40 dəqiqə məşq keçirik. Təbii ki, müəyyən çatışmazlıqlar var. Sevindirici haldır ki, uşaqlar get-gedə əyər-əskikləri aradan qaldırmağa çalışırlar. Bu templə və istəklə davam etsək, uyğunlaşma prosesi çox vaxt aparmayacaq. Həmişə demişəm, yenə təkrar edirəm, Azərbaycanda potensialı yüksək futbolçular var. Sadəcə, bəzi səbəblərdən istənilən istiqamətdə irəliləmirlər. Ya lazımınca oynamırlar, ya da başqa məsələlərə görə əziyyət çəkirlər. Ümid ediəm ki, get-gedə daha yaxşı olacaq.
- 18-19 yaşına kimi futbolun sirlərini tam öyrənməyən, hansısa cəhətlərdə geri qalan futbolçuların mənfilərini bu yaşda, millinin düşərgəsində aradan qaldırmaq mümkündür?
- Onsuz da bizi bura çatışmayan cəhətləri aradan qaldırmaq üçün dəvət ediblər. Təcrübəmizdən istifadə edib bu yöndə nələrsə etməliyik. Hər məşqçidə olduğu kimi, Ruy Jorjenin də özünəməxsus oyun fəlsəfəsi var. Futbolçuların buna öyrəşməsi üçün zaman lazımdır. Bunu hansı müddətdə və hansı sürətlə bacaracaqlarını vaxt göstərəcək. Millinin qapıları hər bir futbolçunun üzünə açıqdır. Potensiallı oyunçuları cəlb etməklə millinin inkişafına çalışmalıyıq.
- Sizin yeniyetməlik dövrünüz – 25-30 il il əvvəl və indi. O vaxtın futbolçuları ilə indiki oyunçularn arasında oxşar və fərqli cəhətlər hansılardır?
- Bu cür müqayisə doğru deyil. Çünki vaxt keçir, tələblər dəyişir, hər şey inkişaf edir. O dövrün futbolçularının texniki imkanları və qərar vermə tezliyi daha yüksək idi. Müasir futbol isə daha çox sürət, intensivlik və atletik futbol tələb edir. Ümumi müqayisə etsək, o dövrün azərbaycanlı futbolçuları daha istedadlı idi. Sadəcə sürət və inkişaf baxımından artım olmurdu.
- Vaxtilə Moskva ÇSKA-sının akademiyasında yer almısan, sonradan Rusiya Premyer Liqasında top qovmusunuz. Rusiyada sizi tanıyan azərbaycanlılar övladlarını, yaxınlarını, qonşularını Azərbaycan millilərinə tövsiyə edir?
- AFFA-nın seleksiya şöbəsi bütün ölkələrdəki azərbaycanlıları diqqətdə saxlayır. İndiyə qədər milli komandalara az sayda futbolçu cəlb olunmayıb. Bəli, elə futbolçular var ki, adları siyahıda yoxdur. Onların valideynləri bizimlə əlaqə saxlayıb məlumat verirlər. Belədə, biz onları AFFA-nın müvafiq departamenti ilə əlaqələndiririk. Tək U-20 deyil, digər milli komandalara namizəd futbolçular da məşqçilər tərəfindən diqqətdə saxlanılır və belə də davam edəcək.
- Hazırda U-20-də sərəncamınızda olan futbolçularla 2027-ci ildəki dünya çempionatında ciddi nəticəyə imza atmaq mümkündür?
- Dünya çempionatında sadəcə iştirak etmək yox, varlığımızı göstərərək söz sahibi olmaq və iz qoymaq istəyirik. Bacarıqlı futbolçulara sahibik və mudiala hazırlaşmaq üçün təxminən ilyarım vaxtımız var. İnanıram ki, zamandan maksimum yararlanmaqla yaxşı işlər görə bilərik. Böyük-böyük danışmaq istəmirəm. Lakin hər bir halda ev sahibliyindən maksimum yararlanmalıylq. Sübut etməliyik ki, biz bu yarışda boşuna iştirak etmirik. Milli komandanın mundiala hazır olacağına 100 faiz inanıram. Azərbaycan və Özbəkistanın birgə keçirəcəyi U-20 dünya çempionatı böyük məsuliyyətdir. Başda Rövşən Nəcəf olmaqla, AFFA rəhbərliyinə məni bu vəzifəyə layiq gördükləri üçün təşəkkür edirəm. Həmçinin baş məşqçiyə də minnətdaram ki, namizədliyimi təsdiqlədi. Bu, mənim üçün böyük təcrübə olacaq. Baş məşqçiyə kömək etmək üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, həm həvəsim, həm gücüm, həm də təcrübəm buna imkan verəcək. Mənim işim baş məşqçi Ruy Jorjeyə kömək etməkdir. Özbəkistanla birgə ev sahibliyi edəcəyimiz dünya çempionatı çox böyük tədbirdir və işimiz çoxdur. Qarşıdakı bir il yarım vaxtdan maksimum dərəcədə istifadə etməliyik. Çox ciddi hazırlaşacağıq. Çünki bizim üçün böyük məsuliyyətdir. Həm futbolçular bunu dərk etməli, həm də klublarımız millinin yaxşı çıxış etməsi üçün bizə kömək olmalıdırlar. Mövsümün sonunda "Sumqayıt"dan ayrılacağam. Hazırda PRO lisenziyası üzrə təhsilimi bitirmək üzrəyəm, kursu tamamladıqdan sonra komandanı tərk edəcəyəm. Mənim bir məşqçi kimi yetişməyimdə və milli komandaya dəvət almağımda başda Riad Rəfiyev olmaqla "Sumqayıt" rəhbərliyinin çox böyük əməyi var. Onlara hər şey üçün təşəkkür edirəm.
Həbib Aslanov
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XI
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

