«Qəbələ» rəhbərliyi səbr göstərir yenə. Amma lüzumsuz yerə.
Boş quyuya nə qədər istəyirsən su tök: əgər quyunun özü sulu deyilsə, etdiyin hər şey əbəsdir.
Kaxaber Sxadadze ilə alınmır. Qış fasiləsində 5 transfer etdilər, istədiyi oyunçuları ona aldılar,
iki oyun uddular, arxası gəlmədi. Komanda mövsümün ilk hissəsində olduğu kimi, yenə «dişsiz» görüntüsü ilə ürək sıxır.
«Karvan» çempionatın ən zəif bəndidir. Şübhə yoxdur ki, Premyer Liqadan düşəcək birinci iştirakçı onlar olacaq.
Sən isə yalnız liqada qalmaq məqsədi ilə yaşamırsan, turnir cədvəlində yuxarı qalxmaq istəyirsən. «Karvan»la evdəki oyunda bunu edə bilmirsənsə, 1:1-ə razı olursansa, baş məşqçinin işinə/məsələsinə baxmalısan.
Getməsini gözləməməlisən, göndərməlisən.
Sxadadze pis futbol oynatmır, əslində. Bəzən isə rəqiblərindən daha baxımlı oynayır. Amma farslar demişkən, çi fayda?
Nəticə yoxdursa, yaxşı futbol öz əksini tabloda tapmırsa, 5 yeni transfer edəndən sonra da 11-ci pillədən yuxarı qalxmırsa,
bu gün üçün təqsirkar Sxadadzedir. Sabahkı günü rəhbərliyin özü fikirləşməlidir.
«Şamaxı» və «Araz-Naxçıvan» üzərində qələbələrə aldanıb dayandılar, gürcü isə bu «kart-blanş»dan tez istifadə edib qurtardı.
Fakt bundan ibarətdir. Sadəcə, başa düşmək lazımdır.
«Qəbələ» başbilənlərində belə bir hissin olub-olmadığını isə yəqin yaxın dövlərdə dəqiq bilərik.
ELNUR

