“Qarabağ” belə, İsveç millisini uda bilməzdi” - AFFA-nın aparıcı əməkdaşı ilə MÜSAHİBƏ

1 Aprel 2023 19:00 Müsahibə 2 381
“Qarabağ” belə, İsveç millisini uda bilməzdi” - AFFA-nın aparıcı əməkdaşı ilə MÜSAHİBƏ

Azərbaycan millisinin Avstriya və İsveçlə oyunlarda biabırçı hesabla məğlub olması ölkə futbolunun gündəmini dəyişdi.

İlk matçda 1:4, ikinci görüşdə 0:5 hesabı ilə uduzan yığma futbol ictimaiyyəyini qıcıqlandırmaqla yanaşı ortaya çox ciddi suallar çıxardı.

Yaranmış suallara cavab tapmaq üçün millinin sabiq futbolçusu, Məşqçilərin Maarıflənməsi şöbəsinin direktoru Aslan Kərimovu aradıq.

Veteran futbolçu AFFA-nın günahkarı olduğunu etiraf etdi, vəziyyətin bu cür olmasında digər klublar kimi “Qarabağ”ın da “rolunu” qabartdı.

- Millinin son 2 oyunda biabırçı məğlubiyyətlərlə bağlı futbol mütəxəssisi kimi fikrinizi eşitmək maraqlıdır.

- (gülür) Sanki həmin komandaları darmadağın edəcəyimizi təxmin edirdik, amma gözlənilmədən məğlub olmuşuq. “Qarabağ”ın “Şamaxı”ya, yaxud “Səbail”ə uduzmasına təəccüblənmək olardı. Amma indi... Seçmə mərhələnin püşkü atılanda və rəqiblərin adına aydınlıq gələndə qrupda yalnız Estoniya ilə mübarizə aparacağımızı və ən yaxşı halda bu komandanı geridə qoya biləcəyimizi təxmin etmişdim. Digərləri ilə nəsə etmək, onları qabaqlamaq şansımız aşağıdır. Hər nə qədər mübarizə aparsaq da, səviyyə baxımından onlar bizi açıq-aşkar qabaqlayırlar.

- Demək ki, bu cür darmadağınları gözləyirdiz.

- Hesabların belə olacağını gözləmirdim, açığı. Sadəcə bu cür rəqiblərlə oyunlarda qalib gəlmək şansımızın aşağı olduğunu bilirdim.

- Amma dediklərinizdən belə çıxır ki, Azərbaycan millisinin 2 oyunda 9 top buraxmasına normal yanaşırsız.

- Bu cür hesablarla məğlub olmağımız normal deyil. Bunu qəbul etməliyik. Uduzmaq olardı, amma belə yox.

- Nəticəni normal qəbul etmirsiz. Bəs, oyun necə?

- "Wyscout" proqramı var. Tuncay adında əməkdaşımız oyundakı bütün göstəriciləri çıxardıb təqdim edir. Topa sahibolma, pressinq etmə faizlərinə baxanda bu cür məğlubiyyəti ağıla gətirmək olmur. Hansısa futbolçuların mövqeyini dəyişməklə və ya əvəzetmələ əl atmaq şərti ilə heç-heçə də etmək olardı. Hətta məğlub olsaydıq belə, bu cür nəticə qeydə alınmazdı. Avstriya ilə oyunda 30 dəqiqə rəqibdən daha yaxşı pressinq etmişik.

- Razılaşaq ki, top saxlamağa, ya da pressinq etməyə heç nə vermirlər. Xərclənən milyonların qarşılığında futbol oynamaq, nəticə qazanmaq zamanı çoxdan yetişib.

- Sözsüz. Mən üstün göründüyümüz məqamları xatırlatmaq istəyirəm. Amma dediyiniz fikirlərlə tam razıyam.

- Siz də Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə eyni fikirdəsiz?

- Hansı fikirdə?

- Məşhur “əla oynadıq” fikri.

- Yox-yox, “əla oynadıq” demək bir az gülünc olar. Millinin sərgilədiyi oyun 0:5 qədər bərbad deyildi demək istəyirəm. Vaxtilə özüm futbol oynadığım dönəmdə 0:2 və ya 0:3 hesabı ilə uduzduğumuz matçda İsveçə 0:5 uduzulan görüşdən daha bərbad oynadığımız vaxtlar olub. Yəni bu dəfə əvvəlki matçlara nisbətən oyun planında nəsə görmək mümkün idi.

- 2008-ci ildə Berti Foqtla başlayan dönəmdən bu yana 15 il keçib, 4 əcnəbi məşqçi gətirilib, milyonlar xərclənib, ölkə futbolunda şərait qat-qat yaxşılaşıb. Milli isə 2 oyunda 9 top buraxır. Günahkar kimdir? Futbolçular, məşqçilər, klublar, yoxsa AFFA rəhbərliyi?

- Bu işdə bir nəfəri, yaxud bir qrupu günahkar çıxarmaq düzgün olmaz. Nəticə istəyiriksə, milli səviyyəsində futbolçuların ustalıq səviyyəsi olmalıdır. Futbolçularımız İsveçin, yaxud Avstriyanın futbolçularının səviyyəsində olmasa da, ona yaxın səviyyədə olmalıdır. Bu iki millinin futbolçularının oynadığı çempionatların adına baxın, bir də bizimkilərin oynadığı çempionatların. Əksəriyyət bu məsələdə “Qarabağ”ın təcrübəli futbolçularını əsas gətirir ki, bəs, bu cür futbolçularımız var. Amma bu gün İsveçin önünə lap “Qarabağ”da çıxsa, əminəm ki, nəticə 0:5 olmasa da, 0:4, 0:3, yaxud 0:2 olacaq. Düzdür, milli ilə klubu müqayisə etmək doğru deyil. Deməyim odur ki, “Qarabağ” belə, İsveç millisini uda bilməzdi.

- Ayrı-ayrı problemlərdən danışmalı olsaq, saatlar bəs etməz. Sualı konkretləşdirim. Xərclənən milyonların qarşılığında milli komandaların biabırçı vəziyyətdə olmasının günahkarı və səbəbkarı AFFA deyilmi?

- Təkcə AFFA deyil. Bəli, AFFA-nın günahı var, bunu dana bilmərik. Assosiasiyada işlədiyimə görə demirəm, açıq sözlü olduğumu tanıyanlar bilir. Vəziyyətin bu cür olmasında klubların da günahı var.

- AFFA günahkardır, klublarda günah var. İndi nə etməliyik?

- Məsələyə qlobal şəkildə yanaşmalı, hamı futbolun inkişafını düşünməlidir. İlk növbədə ölkə futbolunun infrastrukturuna diqqət yetirilməlidir. Bu gün akademiya komandalarının məşq etmək üçün meydançaları varmı? Bundan başlamalıyıq.

- Çox incə detallara varmayaq, xahiş edirəm. Ümumi planda nə etməliyik?

- Klublara ayrılan pulların düzgün istiqamətə xərclənməsinə nəzarət mexanizmi formalaşmalıdır. Vəsait hara xərclənir, kimə xərclənir, necə xərclənir – bu şeylərə diqqət yetirmək vacibdir. Ölkə futbolunda inkişaf mexanizmi, inkişaf planı mövcuddur. Sadəcə ona nəzarət etmək, həyat keçirmək lazımdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti