
Son vaxtlar qalmaqllı hadisələrlə gündəmə gələn klubların başında «Quba» dayanır.
Ötən mövsümün ikinci yarısından etibarən şimal təmsilçisini çalışdıran Elvin Həsənov II Liqada iş yerini dəyişib.
Gənc məşqçi «Şəki»nin yolunu tutub. Həmçinin 10-dan artıq futbolçu düşərgəni tərk edib.
Mediada yayılan əksər xəbərlərdə bu «yarpaq tökümü»nün səbəbi olaraq maliyyə çatışmazlığı göstərilir. Bu, belədirmi? Müəyyən qədər, bəli.
Amma bundan da ciddi hadisələr yaşanıb düşərgədə. Bu haqda redaksiyamıza komandadan ayrılmış oyunçulardan biri məlumat verib.
Onun sözlərinə inansaq, düşərgəni qarışdıran olay Ayaz Abdullayevlə bağlıdır. Belə ki, klubun prezidenti «Ağdaş»la 2:2 bitən səfər qarşılaşmasından sonra paltardəyişmə otağına daxil olaraq, kollektivin ünvanına ağır ifadələr işlədib.
Başqan qələbə hesabını qoruya bilməməyin təsiri altında «dişinin dibindən çıxanları» ətrafa yağdırıb.
Komandanın çalxalanması elə buradan başlayıb. Həmin təhqiramiz ifadələri qəbullanmayan futbolçular Elvin Həsənovun ardınca «Quba» ilə vidalaşıb.
SPORTİNFO.AZ