Azərbaycanda rastlaşdığı FIRILDAĞIN üstünü açdı – QALMAQALLI MÜSAHİB

13 Yanvar 2022 21:00 Müsahibə 1 942
Azərbaycanda rastlaşdığı FIRILDAĞIN üstünü açdı – QALMAQALLI MÜSAHİB

İssa Nikiema ad-soyadı stajlı futbolsevərlərə yaxşı tanışdır.

2003-cü ildə, ölkə futboluna milyonların axmadığı dönəmdə gəlib,

Birinci Divizionda mübarizə aparan “Gənclərbirliyi”nin formasını geyinən nəhəng hücumçu.

Qısa müddətdə bacarığına ortaya qoyan İssa çox keçmədən adından söz etdirməyi bacardı.

Azərbaycanda oynadığı dönəmdə “Gənclərbirliyi” ilə “Turan”ın şərəfini qoruyan afrikalı forvard “Neftçi” rəsmilərinin də diqqətini çəkmişdi deyə, 2005-ci ilin yanvarında “ağ-qaralar”ın heyətində “Birlik kuboku”nda iştirak etmişdi.

Nikiema ilə danışmağa mövzu çox olsa da, zaman azlığı və bir çox məsələlərdən ehtiyatlanması daha çox qaranlıq mövzuların üstünün açılmasına mane oldu. İstənilən halda maraqlı həmsöhbət oldu.

- Necəsən? Neynirsən?

- Əlhəmdülillah, hər şey qaydasındadır. Yaşayıram, işləyirəm, gələcəyə boylanıram. Yada saldığınız üçün minnətdaram. Doğma Azərbaycanımdan zəng gəlməsi həqiqətən xoş oldu. Demək ki, yaddaşlarda qalmışam.

- Nə işlə məşğulsan?

- ABŞ-dayam, kiçik biznes var, onunla başımızı qatırıq.

- Çoxdan oradasan?

- Artıq 5 ildir.

- Nə əcəb futbolda deyilsən? Məşqçi, agent, klub funksioneri...

- Əslində, elə futbolda idim. 2010-cu ildə həkimin səhvi nəticəsində zədəm sağalmaz oldu və buna görə futbolu buraxmaq məcburiyyətində qaldım. Halbuki, daha bir neçə il yüksək səviyyədə oynaya bilərdim. 32 yaşımda yaşıl meydanlarla vidalaşmalı oldum. Ondan sonra vətənim Burkino Fasoda yüksək liqada mübarizə aparan bir klubda idman direktoru vəzifəsində çalışdım. 2014-cü ildə Seneqala üz tutdum. Burada bir futbol akademiyasında həm baş menecer səlahiyyətlərini yerinə yetirirdim, həm də də məşqçi idim. Orada çalışdığım müddətdə Afrikanın və Avropanın müxtəlif ölkələrinə futbolçular göndərdim ki, işimiz pis alınmadı. Sadəcə, bəzi səbəblər üzündən Amerikaya köçməli oldum.

- Azərbaycanda keçirdiyin 4 il yadında necə qalıb? Xatırlayırsan heç?

- Yaxşı və pis xatirələrlə zəngin 4 il keçirdim Azərbaycanda. Azərbaycan dediyim ölkə mənim üçün ikinci vətən saydığım yerdir. Həyatda və futbolda çox şey öyrəndiyim gözəl Azərbaycan. Orada gözəl illər keçirdim, yaxşı karyera qurdum. Hətta yadımdadır, Azərbaycan millisinin o vaxtkı braziliyalı baş məşqçisi (Karlos Alberto Torres – H.) məni yığmaya cəlb etmək istəyirdi. Sumqayıtda keçirdiyim gözəl illər, atam qədər doğma bildiyim rəhmətlik Sabir Əliyev, klubun qayğıkeş prezidenti İlqar Nuriyev və komandanın liderləri – hamısı gözlərimin önündədir. Nə vaxtsa yenidən Azərbaycanda olmağı çox istərdim. Bilirəm, sevimli ölkəm çox dəyişib, yenilənib.

- 20 il əvvəl legionerlərin Azərbaycanda top qovması qəribə görünürdü. Üstəlik, sənin kimi birinin – Burkino Faso yığmasında oynamış, Türkiyə “Gənclərbirliyi”ndə baxışda olmuş futbolçunun. Necə xatırlayırsan ölkəmizə gəlişini?

- Mən Afrikanı Türkiyənin “Gənclərbirliyi” ilə müqavilə bağlamaq üçün tərk etmişdim. O vaxt Süleymanın Yulanın “Gənclərbirliyi”ndə parlaq oynayan vaxtları idi. Türkiyə nəhəngləri onu heyətinə qatmaq üçün mübarizəyə girişmişdi. Məni komandaya Süleymanı əvəzləmək üçün dəvət etmişdilər. Lakin elə alındı ki, Yulanın keçidində problemlər yarandı və “Genclerbirliyi”ndə qaldı. Onun qalmasından sonra mənim mütəmadi oynamağım inandırıcı deyildi. Bir gün klub prezidenti yaxınlaşdı ki, bəs, Azərbaycanda dostum var, onun klubunun adı da “Gənclərbirliyi”dir. Futbol şəhərini təmsil edir, yaxşı azarkeşləri var, maliyyəsi də pis deyil. Dedi, get 1 il oyna, qayıdarsan Türkiyəyə. O 1 il, bu 1 il, oldu 4 il (gülür). Amma qəti peşman deyiləm.

- İndi Azərbaycan futbolu ilə maraqlanırsan?

- Əlbəttə, maraqlanıram. Ən böyük üstünlük sosial şəbəkə hesablarımda Azərbaycandan xeyli sayda dostumun olmasıdır. Onların yazdıqlarını və paylaşımlarını avtomatik tərcüməsi funksiyası ilə oxuya bilirəm. Və hər dəfə oxuduqca Azərbaycan futbolunda yaşananlardan xəbər tuturam. Millinin və “Qarabağ”ın Avropadakı nəticələrini mütəmadi izləyirəm. Hətta icmallara da baxıram. “Qarabağ”ın Çempionlar Liqasının qrupunda oynamasına çox sevinmişdim.

- Sabiq komanda yoldaşlarından kimləri xatırlayırsan?

- Sualı “Kimləri xatırlamırsan” şəklində qoysaydınız daha yaxşı olardı (gülür). Təbii ki, hamısı yadımdadır. Ruslan, Rəşad, Emil, Azər, Zaur, Orxan, Tərlan, Namiq, Pele deyirdik ona, Elgün, Samir... Hamısına salam göndərirəm.

- Həmin sezonun sonrası – 2005/06 mövsümündə “Turan”a keçmişdin. Lakin Tovuzda cəmi 4-5 ay duruş gətirə bilmişdin. Bölgə komandasında parlamağına nə mane olmuşdu?

- Karyeramboyu qəbul etdiyim ən yanlış qərar “Turan”a keçidə razılıq verməyimdir. İndiyə qədər bunu özümə bağışlaya bilmirəm.

- Niyə?

- Çünki orada aldadıldım, yalanlarla rastlaşdım.

- Hansı yalanlarla?

- Müqavilə şərtləri ilə bağlı bütün şərtlərdə razılaşmışdıq. İstər şərait olsun, istər aylıq maaş, istərsə də bonus. Lakin iş rəsmi sənədə qol çəkməyə gələndə baxdım ki, kağızda danışdığımız rəqəm yox, qat-qat az yazılıb. Səbəbini soruşanda bunu hansısa dövlət qurumlarına pul ödəməkdən yayınmaq üçün etdiklərini deyib, bu söhbətin AFFA ilə FİFA-dan gizli qalmalı olduğunu bildirmişdilər. Bu cür yalanları görəndən sonra orada heç kimə inamım qalmamışdı, etibar edəcəyim, xoş münasibət göstərəcəyim kimsə yox idi. Amma problem tək bu deyildi axı.

- Başqa nə vardı?

- Komanda üzvləri ilə məşqçilərin – hamının ilboyu bir yerdə, bazada qalması. Sanki hansısa kəndə düşmüşdüm, nə baş verdiyini anlaya bilmirdim. Tovuzla Sumqayıt arasında fərq böyük idi. Həm genişlik, həm şərait, həm də istirahət baxımından. Yaxşı ki, yenidən “Gənclərbirliyi”nə qayıtdım.

- “Birlik kuboku” sənə nəsə deyir?

- “Neftçi”nin futbolçusu kimi iştirak etdiyim turnir?

- Bəli-bəli...

- Əlbəttə, yadımdadır. 2005-ci ildə finalda “Lokomotiv”ə uduzsaq da (“Neftçi” həlledici görüşdə Moskva “Lokomotiv”inə 1:2 hesabı ilə boyun əymişdi – H.), möhtəşəm oyunlar keçirmişdik. Hətta qrupdakı hansısa oyunda qol da vurmuşdum (Türkmənistan “Nebitçi”si ilə qarşılaşmanı nəzərə tutur. ”Neftçi”nin 4:0 hesabı ilə qalib gəldiyi oyunda qollardan birinin müəllifi Nikiema olub – H.). O dönəmdə “Neftçi” kimi komandanın şərəfini qorumaq hər bir futbolçu üçün şərəf idi. O cümlədən mənim üçün. “Şerif” və Kiyev “Dinamo”su kimi güclü rəqibləri məğlub edib Azərbaycanın bayrağını dalğalandırmaq həqiqətən xoş anlar idi.

- Bu qədər zəngin xatirələrə sahibsən, amma 15 ildə bir dəfə Azərbaycana gəlməmisən. Səfəri nə vaxta planlaşdırırsan?

- Açığı, 2016-cı ildə belə bir planım vardı. Hətta səfirliyə müraciət etmişdim də. Lakin viza elektron deyildi deyə, sənədləşmədə problem yarandı. Ondan sonra ABŞ-a gəldim və burada qaldım. Koronavirus həyatımızdan çıxsın, mütləq Azərbaycana səfər edəcəyəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”