
"Qəbələ"nin kapitanı Asif Məmmədov Sportinfo.az-a müsahibə verib.
Koronavirusa yoluxması səbəbindən arxada qalan iki turu komandasına kömək edə bilməyən yarımmüdafiəşi hazırkı durumu və komandasının çıxışı barədə danışıb.
- Asif, sağlamlığınla bağlı bir müddət komandanın yanında ola bilmədin. İndi özünü necə hiss edirsən?
- Şükür yaxşıyam. Ciddi narahatlığım olmadı. Sadəcə testin cavabı pozitiv çıxdığı üçün bəlli müddət gözləmək məcburiyyətində qaldım. Ötən ayın sonları məşqlərə başlamışam. Hər şey yaxşıdır.
- Milli komandalara görə yaranmış fasilə bu gün bitir. 3 həftəlik ara komandaya necə təsir edə bilər?
- Çempionat dayanmasa daha yaxşı olardı. Çünki komanda sürət yığmışdı. Həmişə biz sürət yığan vaxt fasilə yaranır (gülür).
- Ziyanı olacağından narahatsan?
- Özümüzü yaxşı hiss etdiyimiz vaxtdı. Nəticələr yaxşıdır. Belə məqamda fasilənin olması istər-istəməz təsir edir. Amma xeyri də ola bilər. Bəzi boşluqlar vardı. Üzərində çalışıb, onları düzəltmişik. İnanıram ki, öncəki turlar olduğu kimi bu turda da yaxşı oyun keçirə biləcəyik.
- "Qəbələ" ilk 2 tura 4 xal qazanmağı bacardı. Belə startı necə qiymətləndirirsən?
- İlk turlarda çempionata pis başlamamışıq. Uşaqlar yaxşı çıxış etdilər.
- Sən olsan nəticə daha yaxşı ola bilərdimi?
- Bəlkə də mən olsam, daha da pis ola bilərdi.
- Amma yaxşı da ola bilərdi...
- Ola bilər. Amma belə pis deyil də. Çünki son çempion "Neftçi"dən səfərdə xal almışıq. Evdə də "Keşlə"ni məğlub etmişik.
- Deyəsən, belə start özün üçün də gözlənilməz olub...
- Açığı, əvvəlcədən 4 xal təklif olunsaydı, məncə, 100 % razı olardıq.
- Bu gün "Sabah"la qarşılaşacaqsınız. Səncə, uğurlu çıxışı davam etdirmək mümkün olacaq?
- İnşallah. Məqsədimiz odur. Necə başlamışıqsa, elə də davam etdirmək istəyirik.
Xanoğlan İmanov