21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Portuqaliyaya uduzdu.
AÇ-2027-nin seçmə mərhələsi çərçivəsində 8-ci kilometr stadionunda baş tutan qarşılaşmada portəgizlər 6 ay öncə olduğu kimi, yenə darmadağına sevindi.
Sentyabrın 5-də tablodakı rəqəmlər 5:0-ı əks etdirmişdisə, bu dəfə 4:0 oldu.
Yığmamızın baş məşqçisi Rəşad Eyubov oyundan sonra təşkil olunan brifinqdə matçla bağlı fikirlərini səsləndirib, ardınca jurnalistlərin suallarını cavablandırıb:
“Oyuna köklənmə yüksək səviyyədə idi. İlk hissədəki mübarizəyə görə uşaqlara təşəkkür edirəm. İkinci yarıda nəzarəti itirdik, bir az rahatlaşdıq. Ən böyük problemimiz olan standart vəziyyətlərdən 3 qol buraxdıq”.
- Milli Portuqaliyada yaxşı oynamışdı, yoxsa evdə?
- Uduzursansa, yaxşı oyundan danışmaq olmaz. Uduzmuşuqsa, deməli, pis oynamışıq.
- Sentyabrda Portuqaliyaya 0:5 uduzmuşduq. İndi isə 0:4 oldu. Buna inkişaf demək olar?
- Neqativ inkişaf olmur.
- İlk hissədə qol buraxmadığınız rəqibdən fasilədən sonra 4 top buraxmağın səbəbini nə ilə izah edə bilərsiniz?
- Bu, ilk növbədə intensivliklə bağlıdır. Təsəvvür edin, bir həftə əvvəl bizim bəzi futbolçular Əvəzedicilər Liqasında, yaxud I Liqada mübarizə aparıb, Portuqaliyanın bəzi futbolçuları Çempionlar Liqasında oynayıb. Ona görə də gücümüz yalnız bir hissə üçün yetərli oldu. İkinci yarıda intensivlik baxımından rəqibdən geri qalırdıq.
- Ara-sıra əsas milliyə cəlb olunan futbolçulardan yəqin ki, daha artığını gözləyirdiniz.
- Fiziki hazırlıq baxımından futbolçuları ən optimal vəziyyətə çatdırmağa çalışmışdıq. Görünür, bu, yetərli olmadı.
- Rəqib həmkarının yağışlı havanın oyunlarına təsir etmədiyini bildirdi. Siz necə düşünürsünüz?
- Heç bir problem yoxdur. Şərtlər hər iki komanda üçün eyni idi.
- İlk hissədən razı qaldığınızı dediniz. Ancaq ilk hissədə komanda əsasən müdafiə olunurdu, hücum planında aktivlik yox idi.
- Sən qol buraxmırsansa, oyun 0:0 qurtarır və 1 xal qazanırsan.
- Martın 31-də Bolqarıstanla səfər qarşılaşması baş tutacaq. Nəyə ümid edirsiniz?
- Bu gün axşam Portuqaliya ilə matçı təhlil edəcəyik. Səhvlərimizi görəcək, sabahdan etibarən onları düzəltmək yolunda çalışacağıq. Nəticə barədə proqnoz verməyi xoşlamıram. Bizim işimiz komandanı oyuna maksimum hazırlamaqdır. Yüksək nəticə gözləyirik.
HƏBİB

