Azərbaycan millisi seçmə mərhələdə ikinci dəfə Portuqaliya yığmasına məğlub oldu.
U-21-lər arasında AÇ-2025-in seçmə mərhələsində eyni qrupda mübarizə aparan komandaların sentyabrdakı ilk dueli 5:0 meydan sahiblərinin xeyrinə başa çatmışdı.
Bu dəfə də eyni ssenari təkrarlandı. Xəyal Fərzullayev ilk yarıda qapısında top görmədi, fasilədən sonra topu 4 dəfə tordan çıxarmaq məcburiyyətində qaldı.
Millimizin “11 nömrə”si Nahid Əliyev Sportinfo.az-a açıqlamasında məğlubiyyətin səbəblərindən söz açıb:
“Portuqaliya həqiqətən başqa səviyyədə rəqibdir. Onlara qarşı mübarizə aparmaq çox çətindir.
Düzdür, ilk hissədə döyüşdük, çalışdıq, qol buraxmamaq üçün əlimizdən gələni etdik. Failədən sonra keyfiyyət öz sözünü dedi.
Onların təklif etdiyi templə sona qədər ayaqlaşmaq çətindir. Elə temp verirdilər ki, heç “Qarabağ”la oyunda elə temp olmur.
Birinci yarıdan sonra 1 xal qazanmağa az da olsa ümid yaranmışdı. Ancaq reallığı unutmamalıyıq.
Biz “əvəzedicilər”də, “liqa”da, Premyer Liqanın aşağı pillələrdə yer alan komandalarda oynayırıq, onların futbolçuları Çempionlar Liqasında meydana çıxır. Bu, reallıqdır, dana bilmərik”.
6 oyundan sonra aktivində 6 xal olan U-21 millimiz növbəti görüşünü martın 31-də Bolqarıstan seçməsinə qarşı keçirəcək.
HƏBİB

