Sent Lüsiya cırtdan bir ölkədir.
Əhalisinin ümumi sayı 200 min nəfərdən də azdır. Hardasa Bakının bir məhəlləsi boyda yerdir.
Bu üzdən 6:1-i şişirtməyin tərəfdarı deyiləm.
Yaxşı budur ki, nəhayət, milli hansısa beynəlxalq oyunda ilk dəfə belə böyükhesablı qələbə qazandı. 16 oyunluq qalibiyyətsizlikdən sonra 6:1 adama bir az şirin, bir az qəribə gəlir.
Mənim diqqətimi başqa bir nüans çəkdi. Futbolçularımız vurduqları hər qola necə də ürəkdən sevinirdi.
Bu anlar üçün görün, nə qədər darıxmışdılar.
İstənilən halda qələbə qələbədir, komandanın özünəinamını bərpa edir, futbolçularda güvən yaradır. Yəni, biz də qələbə qazana bilərmişik.
Əlbəttə, davamının gəlməsini istəyirik. Syerra Leone ilə qarşıdakı matçda da uğur qazanılsa, Ayxan Abbasovun gördüyü işə müəyyən qədər qiymət verə, «bir addım irəli getməyə çalışırıq» deyə bilərik.
Axı növbəti rəqib adını qadından götürmüş Sent Lüsiyanın yığmasından xeyli güclü, Afrikada tanınan biridir.
Üç gün sonra 1:0 da, 2:1 də qazansaq, karımızdır.
Sentyabrda start götürəcək UEFA Millətlər Liqasının növbəti mövsümünə ümidlə boylanmaq mənasında indiki turnirin əhəmiyyəti böyükdür.
ELNUR

