Bilirdik ki, daha çox qol vura bilərik. Ona görə də matça fəal başladıq. Məqsədimiz erkən qol vurmaq idi. Buna da nail olduq. Erkən qol komandaya daha da güvən verdi. Yekunda da böyük hesablı qələbə qazandıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millli komandasının kapitanı Emin Mahmudov “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edərkən deyib.
O, əvəzetmələrə baxmayaraq, millinin fasilədən sonra da yaxşı oynadığını bildirib: “Bizdə yaxşı rəqabət var. İkinci hissədə meydana çıxan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər”.
Mahmudov qazonun durumunun heç də pis olmadığını söyləyib: “Düzdür, güclü yağış yağırdı. Belə hava şəraiti istər-istəməz oyuna təsir göstərir. Bununla belə, güclü yağışa baxmayaraq, qazonun durumu elə də pis deyildi”.
Kapitan milliyə qoşulan yeni futbolçuların adaptasiya baxımından problem yaşamadıqlarını vurğulayıb: “Hamı bir-birini yaxşı tanıyır. Demək olar ki, bütün futbolçular ölkə çempionatında çıxış edir. Ona görə də debütantlar üçün yığmaya qoşulmaq rahatdır”.
Sonda E.Mahmudov növbəti görüşdən də söz açıb: “Növbəti matçımız daha çətin olacaq. Çünki Syerre Leone daha ciddi, daha güclü rəqibdir. Buna baxmayaraq, biz yenə də uğurlu çıxış etmək istəyirik. Çalışacağıq ki, qarşıdakı matçda da qələbə qazanaq”.

