Yusif İmanov hələ «Sabah»dan o tərəfi görməyən, 500-1000 nəfərdən artıq tamaşaçı qarşısına çıxmayan bir gəncdir.
30 min əsl azarkeş önündə onun dörd qol buraxmasına niyə təəccüblənirik ki..?
Biz ona «çox sağ ol» deməliyik ki, iki-üç epizodda seyv etdi, qapısından daha artıq qol buraxmadı, dörddə dayandı.
Səlahət Ağayev olsaydı, nə olacaqdı? Yaxud Emil Balayev. Səlahətlə Emil Premyer Liqamızda ən çox qol «yeyən» qapçılardandır.
Təcrübə-filan…
Dünənki gecədə, Linz şəhərinin “Raiffeisen Arena”sında millimizə «əppək» yox idi. Qapıda Səlahət də, Emil də dayansaydı, bu qolları qapıdan çıxaracaqdı, bəlkə ondan da artıq.
Ağayevlə Balayevin «qatar»ı gedib. Yusifi indidən hazırlamaq lazımdır sabaha. Canni De Byaziyə onu «1 nömrə» etməsinə görə qətiyyən qınamıram.
Daha yaxşı olardı ki, İmanovu ötən ilin payızında keçirilən rəsmi və yoxlama qarşılaşmalarına dəvət edərdi. İtalyan həmin beş oyunun hansısa birində İmanova şans verə bilərdi və o, dünən daha inamlı təsir bağışlayardı.
Yəqin ki, Avstriya ilə qarşılaşma Yusifin yaddaşına ömürlük həkk olundu. Gecəni yatdığını da düşünmürəm.
Güman ki, oyundan sonra yaxınları, dostları ona dəstək xarakterli mesajlar yazıb, ürək-dirək verib
. Bunlar heç. Olan və gözlənilən şeylərdir.
Yusifə ən böyük dəstəyi De Byazi verə bilər. İsveçlə növbəti matçda da qapını ona etibar edərsə.
MUSA

