Ən böyük əsgər bizim əsgər!

3 Oktyabr 2020 12:44 Köşə 2 750
Ən böyük əsgər bizim əsgər!

Vətən sözünün V-si

Döyüşlərdə bərkiyəcək son sözünü demək üçün.
Haqq yolundan dönməyəcək azadlığa yetmək üçün.
Haqq yolundan dönməyəcək azadlığa yetmək üçün.
Əsgər vətən əmanəti, yurd əmanəti.
Əsgər ocaq əmanəti, od əmanəti.

İntiqamı alınmasa Şəhidlərin geri dönmə!
Son qələbə çalınmasa silahınla sən öyünmə!
Son qələbə çalınmasa silahınla sən öyünmə!
Əsgər vətən əmanəti, yurd əmanəti.
Əsgər ocaq əmanəti, od əmanəti.

Atılanda düşmən üstə qollarına təpər olsun.
Göz yoldadır qulaq səsdə savaşımız zəfər olsun.
Göz yoldadır qulaq səsdə savaşımız zəfər olsun.
Əsgər vətən əmanəti, yurd əmanəti.
Əsgər ocaq əmanəti, od əmanəti.

Qəhrəman ordumuzun, igid əsgərlərimizin, cəngavər Azərbaycan övladlarının zəfər xəbərlərini aldıqca tezliklə Şəmistan Əlizamanlının o möhtəşəm səslə "Qarabağımıza qayıdırıq" müjdəsini verəcəyini hiss edirik.

Hələliksə küçələrdə tez-tez Şəmistan bəyin dillər əzbəri mahnısından

"Əsgər vətən əmanəti, yurd əmanəti

Əsgər ocaq əmanəti, od əmanəti" nəqarətini eşidirik.

Bu günləri nə az, nə çox 32 il gözləmişik. Binalar, eyvanlar müqəddəs bayraqlara bəzənib. Sosial və başqa problemlərin insanların simasında yaratdığı bədbinlikdən, qəm-qüssədən əsər-əlamət qalmayıb. Hər kəsin simasında sevinc işartıları sezilir.

Haqq savaşına yollanmaq istəyən oğullarımızı, könüllülərimizi əlaqədar qurumlar çətinliklə "Gözləyin, ehtiyac olsa, mütləq çağıracağıq" sözləri ilə geri qaytarır.

Onminlərlə vətən övladı ön cəbhəyə yollanmaq istəyir və torpaqlarımız uğrunda canından keçməyi, şəhidlik zirvəsinə yüksəlməyi şərəf bilir. Bu oğlanlar Xankəndinə, Şuşaya və başqa torpaqlarımıza bayrağımızı sancacaq.

"Vətən" sözünün ilk hərfi bütün dünyada qələbə, triumf işarəsidi. Vətən həm də anadı. Azərbaycanlı məğrur şəhid anası illərdir böyütdüyü balasını başıuca, fəryad, üsyan etmədən sonuncu dəfə "Halal olsun sənə, oğlum" sözləri qarşılayır. Çünki, artıq şəhid qanının yerdə qalmayacağına əminlik, inam yaranıb.

Aylarla bətnində saxlayan, dünyaya gətirən, yetişdirən, adam edən Ana... O Ana südünü halal edib Vətən torpağına və cənnətə qaytarır balasını. O müqəddəs şəhid ruhlarının da bir ana arzusu var... Qarabağ!!!

Hər qarışı şəhidlərimizin qanı ilə yoğrulan o torpaqlara dönməsək şəhidlərimizin ruhu bizi heç vaxt bağışlamayacaq! Bunu hər kəs bilir. İlk növbədə də müzəffər ordumuz!

Ananızın südü sizə halal olsun, Azərbaycan Əsgərləri! Bu torpaq, bu vətən, bu xalq sizinlə fəxr edir, qürur duyur! Nə yazsaq, nə desək, nə etsək də sizin borcunuzdan ölənəcən çıxa bilmərik!

Qardaş-bacılarımızın qanını yerdə qoymayacaqsınız, haqq savaşımız sizin sayənizdə zəfərlə bitəcək, o müqəddəs bayrağımızı tezliklə doğma torpaqlarda ucaldacaqsan, ən böyük əsgər - Azərbaycan Əsgəri! Tanrı sizi qorusun!

Anar Şabanoğlu

Xüsusi olaraq Sportinfo.az üçün

Xəbər Lenti