Doğmalaşan özgələr

27 Fevral 2020 13:12 Köşə 727
Doğmalaşan özgələr

SSRİ-də Azərbaycan futbolu deyiləndə, "Neftçi" başa düşülürdüsə, son onillikdə ilk yada düşən "Qarabağ"dır.

Bu, heç də səbəbsiz deyil. "Neftçi" o dövr üçün xalqın tək ümid yeri idisə, indi bir növ həmin bu missiya "Qarabağ"ın çiyinlərindədir.

Axı son illər gözəçarpan böyük qələbələrin əsas daşıyıcısı məhz "Qarabağ"dır. Avrokuboklardakı zəfərinə hər nə qədər Azərbaycan təmsiliçisidir deyə seviniriksə, ondan daha çox "Qarabağ" adı ilə bu uğurları qazandığı üçün sevinirik.

Necə ki düşmən "Qarabağ"ın avropadakı istənilən uğuruna kəndərlənir və pis olur.

Hər halda Lüksemburqda baş tutan "Düdelanj"la görüşdə, qondarma «dqr» bayrağının Jozi Bartel adına arenada dronla dalğalandırılması, "Arsenal"la Londonda baş tutan matçda erməni azarkeşin əldəqayırma erməni «bayrağ»ı ilə “Qarabağ”ın futbolçularına tərəfə qaçması nə havadan, nə də sudandır.

Bu ada, bu adla qazanılan uğurlara olan kinin, paxıllığın, həsədin əyani sübutu idi. "Qarabağ" rəhbərliyi üçün də elə bu adda klubda çalışmaq hər nə qədər şərəflidirsə, həm də çox ciddi bir məsuliyyətdir.

Hər halda belə bir klubda yalnız uğurlu nəticələrlə öyünə bilməzsən. Çünki bu ad cəmiyyətimizin milli birlik nöqtəsidir. Qarabağ bizim kimliyimizin isbatıdır. Bu klubda atılan ən kiçik addım belə diqqətə alınmalıdır.

Komandada çıxış edən istər yerli, istərsə də əcnəbi futbolçular bu adın çəkisini, ağırlığını hiss etməlidirlər. "Qarabağ" rəhbərliyi bunu onlara hiss etdirməlidir. Görünür, bunadək heyətlərinə qatdıqları istənilən futbolçuya bunu hiss etdirə bilib ...

Dünən Azərbaycan tarixinin ən qanlı faciələrindən Xocalı soqrımının 28 ili tamam oldu. Məhz 28 il əvvəl - fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərində tarixin ən qəddar teror aktını törətdi.

Buna görə, hər il 26 Fevral Azərbaycan xalqının milli hüzn günü kimi xatırlanır. Qanlı günə sayğı göstərən, dərdimizə şərik olan hər kəs bizdən biridir.

Dünən bizlərlə olan, bizdən biri olan neçə-neçə əcnəbi "Qarabağ"lı da var idi. "Qarabağ"da çıxış edə-edə yox, "Qarabağ"dan ayrıldıqdan sonra Xocalı faciəsinə diqqət, ehtiram göstərən Yakub Yezniçaka yalnız polşalı, Ansi Aqolliyə yalnız albaniyalı, İbrahim Şehiçə yalnız bosniyalı, Riçarda Almeyda və Vaqner Da Silvaya yalnız braziliyalı deməyə adamın dili gələrmi? Məncə, qəti şəkildə yox!

Adamlar ən azı milli matəm günü mənəvi olaraq azərbaycanlı olduqlarını əməli addımları ilə təsdiqlədilər. Xocalı bizim milli kimliyimizdir. Xocalı bizim dünənimiz, bu günümüz, sabahımızdır.

Kimliyimizə, dəyərimizə dəyər verən hər kəs bizdən biridir, bizim üçün dəyərlidir. Həm də çox dəyərli1

Xanoğlan İmanov

Xəbər Lenti