"Neftçi"nin "Qoçu Əsgər"i

2 Dekabr 2019 18:00 Köşə 2 443
"Neftçi"nin "Qoçu Əsgər"i

Düz bir həftə əvvəl "yarımcan" "Qəbələ" üzərində qələbədən sonra "Neftçi"nin prezidenti Kamran Quliyevin "qılıncının" dalı da kəsirdi, qabağı da. Kefi "99 vuran" klub rəhbəri mətbuata açıqlamasında çempionluq uğrunda mübarizə aparacaqlarını dedi:

"İkinci pilləyə qayıtdıq? Biz gümüş medallar uğrunda mübarizə aparmırıq. Çempionatdakı qış fasiləsinədək hələ 2 oyun var. "Qarabağ"la xal fərqini 6-ya saldıq. Hazırkı çempionu gərginlikdə saxlayacağıq".

Qara şriftlə verilmiş bu açıqlamanı çapa verib, saxlayın özünüz üçün etibarlı yerdə. Mövsümün sonunda lazım olacaq. Ötən çempionatda bir ara "Qarabağ"ı 8 xal qabaqlayan "Neftçi" 1-ci yeri əldən verdikdən sonra özlərinə nə cür təsəlli versələr, yaxşıdır? "Bizim qarşımıza qızıl medal qazanmaq vəzifəsi qoyulmamışdı, 2-ci yer də yaxşı nəticədir". Buna oxşar fikirləri həm Quliyevdən eşitdik, həm də klubun idman direktoru Ceyhun Sultanovdan. Odur ki, Kamran müəllimin bu açıqlamasını da saxlayın, yoxsa, çempionat başa çatanda heç nə sübut etmək olmayacaq.

Dünən "Neftçi"nin "dahi taktiki", "böyük məşqçisi" cığal məhəllə uşaqlarından o yana gedə bilmədiyini sübut etdi.

90 dəqiqə ərzində "Səbail"in qapısına yol tapa bilməyəsən, (özü də sonuncu dəfə 4-cü turda qələbə qazanan "Səbail"in) oyundan sonra da rəqib futbolçuların üstünə hücum çəkəsən. Ümumiyyətlə, italiyalı məşqçi dünən 99 dəqiqə dayanmadan danışdı, deyindi. Final fitindən sonra 4-cü hakim Rauf Allahverdiyevin qulağından az qala qan axırdı.

"Neftçi" topa nəzarət etdi, oyunda diqtə edən tərəf oldu, amma "Səbail"in əks-hücumları daha təhlükəli idi. Hətta Ağabala Ramazanov penaltini qola çevirsəydi, "ağ-qaralar" xalsız da qala bilərdi. Dabo və Monrozsuz "Neftçi" orta səviyyəli komanda təsiri bağışladı.

Çempionat uzundur və heç bir komanda xal itirməkdən sığortalanmayıb. Ancaq məğlubiyyəti də qəbul etmək lazımdır. Oyun ərzində Ağabala Ramazanov Bordinə nə deyib-deməyib, xəbərim yoxdur. Ancaq final fiti səslənən kimi rəqib futbolçuların üstünə hücum çəkmək, onlarla "Qoçu Əsgər" kimi danışmaq peşəkar məşqçiyə yaraşmaz. Matçın gedişində məşqçi qışqırar da, bağırar da, 90 dəqiqənin tamamında isə hisslərinə hakim olmalısan. Bordinə baxan futbolçu və ya azarkeş nə nümunə götürəcək, sabah ondan betər hərəkət etməyəcəkmi?

Ötən mövsüm "Neftçi" "Bakcell Arena"da "Səbail"ə uduzanda da, Bordin "oyun çıxarmışdı". Söhbət taktiki oyundan, məşqçi dühasından getmir. Həmin vaxt məğlubiyyəti həzm edə bilməyən məşqçi həmkarı Aftandil Hacıyevə hücum çəkmişdi.

Dünən isə "Neftçi"nin çalışdırıcısı AFFA-nın baş katini Elxan Məmmədovun kurasiyasında olan "CBC Sport"a da hörmətsizlik etdi. Oyundan sonra hər iki məşqçidən müsahibə götürülməsi nəzərdə tutulsa da, Hacıyevdən fərqli Bordin kamera önünə gəlmədi. Yəni ki, "nənəm mənə kor deyib, gəlib gedənə vur deyib". Ürəyim nə istəyir edirəm, sabah hirslənib boynumdan asdığım buraxılış vəsiqəsini hakimin başına da çırpa bilərəm.

CAVİD

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular