Gəmilər artıq yanıb, "Qarabağ", fəth et Əndəlüsü!

26 Noyabr 2019 16:44 Köşə 1 574
Gəmilər artıq yanıb, "Qarabağ", fəth et Əndəlüsü!

Boş vaxtlarımda böyük sərkərdələrin həyatı ilə bağlı oxumağı, sənədli filmlər izləməyi sevirəm.

Makedoniyalı İskəndərdən Attilaya, Leonidasdan Mete Xaqana, Çingiz xandan Əmir Teymura qədər bir çox savaş sənəti dahisinin bioqrafiyası diqqətimi çəkib.

Onlardan biri isə daha çox yadımda qalıb - Tarık bin Ziyad.

Əməvilərin ən məşhur sərkərdələrindən biridir.

Tarix sevənlər yaxşı xatırlayarlar, bu ərəb sərkərdəsi yaddaşlarda Andalusiyanın (ərəbcə Əndəlüs - müəl.) fəthi və bu fəth zamanı etdiyi qeyri-adi hərəkətlə qalıb.

Belə ki, Şimali Afrikadan İspaniya ərazisinə 7 minlik qoşunla yola çıxan və gəmilərlə sonradan onun adını daşıyacaq Cəbəllütariq boğazını keçən Tarık bin Ziyad İspaniya torpaqlarına ayaq basdıqdan sonra ordusunun geri dönmək ümidlərini yox etmək və yalnız irəli getmək anlayışını aşılamaq üçün donanmasında olan bütün gəmiləri yandırmışdı.

Bununla o, daha geriyə yol olmadığını, hədəflərinin yalnız qalib gəlmək, yeni ərazilər fəth etmək olduğunu açıq şəkildə ortaya qoymuşdu.

Ərəb sərkərdəsi istəyinə çatdı və Əndəlüs fəth olundu. Uzun illər İspaniyanın cənubunu ərəblər idarə etdilər.

Tarık bin Ziyadın bu hərəkəti əsrlər boyunca yaddaşlarda qaldı və bu gün geridönüşü olmayan bir iş edənlərin dilində zərb-məsələ çevrilən "Gəmiləri yandırmaq" deyimini yaratdı...

UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunda "Qarabağ" İspaniya təmsilçisi "Sevilya" ilə qarşılaşacaq. Oyun isə Əndəlüsdə, bir zamanlar Tarık bin Ziyadın fəth etdiyi torpaqlarda olacaq.

Ərəblər o torpaqlara ayaq basdıqdan sonra gəmiləri yandırmışdılarsa, "Qarabağ" Əndəlüsə artıq gəmilərini yandırmış halda yollanır.

Çünki Avrokuboklarda bu mövsüm bizim üçün tamam ya davam matçı məhz bu görüş olacaq.

Bura qədər nələr olub, hansı nəticələr qeydə alınıb, niyə bu vəziyyətə düşmüşük, ətraflı danışmağa gərək yoxdu.

Futbolu yaxından izləyənlər hər şeyi bilir onsuz da. Bəs bundan sonra nə olacaq?

Əgər Azərbaycan təmsilçisi qrupdan çıxmaq və tarixində ilk dəfə növbəti ildə də mübarizəsini davam etdirmək istəyirsə, İspaniyadan heç olmasa 1 xalla qayıtmalıdır.

Daha pis nəticə isə yanmış gəmilərin fonunda ümidlərimizin dənizə tökülməsinə səbəb olacaq.

1300 il əvvəl ərəblərin etdiyi kimi bu həftə də "Qarabağ" Əndəlüsü "fəth etməlidir". Nə yolla olur, olsun.

Doğrudur, hətta bu halda da qrupun taleyi öz əlimizdə olmayacaq. Ancaq Qurbanov və onun ordusu öz üzərinə düşən işi görmüş olacaq.

Vəziyyəti bir az da olsa düzəltmək üçün başqa çıxış yolu yoxdu.

Yanmış gəmiləri üzdürmək - sönmüş ümidlərimizi yenidən diriltmək "Qarabağ"ın əlindədi.

Bunun üçünsə sadəcə futbol oynamaq bəs etməyəcək. Meydanın hər qarışı, hər top, hər epizod uğrunda canı-dildən vuruşmaq, mübarizə aparmaq, savaşmaq, didişmək lazımdır.

Buyurun, bəylər! Tarixə düşmək şansınız var, əldən verməyin bunu.

"Gəmilər onsuz da yanıb", geri dönüş yoxdur, siz Əndəlüsü fəth edin!

Qarabağ xətrinə, Azərbaycan xətrinə...

Zaur Xudiyev

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!