Almanın futbol mədəniyyəti, "Qarabağ"ın ləyaqətli məğlubiyyəti və transferlər

10 Sentyabr 2022 01:00 Köşə 2 602
Almanın futbol mədəniyyəti, "Qarabağ"ın ləyaqətli məğlubiyyəti və transferlər

…Günorta saat 3-4 radələrində (8 sentyabr) Frayburqun mərkəzi küçələrində az da olsa futbol ab-havası hiss edilməyə başlayır.

Gənc və orta yaşlı insanlar sevimli komandalarının formalarını geyinməklə oyuna 4-5 saat qalmışdan sanki matçın havasına, ruhuna hopmağa çalışırlar.

Özlüyümdə düşünürəm ki, nə gözəl futbol məhəbbəti varmış almanların. Və bu, əlbəttə, təkcə “Frayburq” klubuna münasibətdə deyil.

Bu həftə Çempionlar Liqasında “Bavariya” “İnter”lə oynadı. Həmin axşam şəhərin mərkəzində rastıma nə qədər PUB çıxdısa, elə bil hamısı pivə barları yox, futbol arenaları idi. Özü də futbol başladısa, PUB-ları sükut bürüyür, hamının diqqəti oyuna yönəlir və yalnız qol olanda sükut pozulur. Təəccüb etməmək də olmur. Öyrəşmişik axı. Bizim məkanlarda belə məqamlarda ağız deyəni qulaq eşitmir. Hamı taktikadan danışır. Spirtli içki də incə tellərə toxundu, bax, onda oyun qalır kənarda, diskussiya başlayır, əksəriyyət böyük ekranın qarşısında “a Qurban, bu Ramili çıxar” sözlərini elə təkidlə deyir ki, sanki məşqçi stadionda komandasının yox, onların yanındadır və bir masada oturub.

Əlbəttə, bunlar zarafatdır. Amma necə deyərlər, hər zarafatda da bir həqiqət var. Bu mənada indi yazsam ki, bizim bu məsələdə almanlara çatmağımıza çox var, nağıl uydurmuş olaram. Çünki biz almanlara, ümumiyyətlə, heç vaxt çata bilmərik. Ona görə çata bilmərik ki, bu, mentalitetə bağlı məsələdir. Futbol bizim üçün mövsümü həvəsdir, almanlar üçün isə yaşam tərzi. Bəli, alman futbolla yaşayır. Və bunu göstərən bir fakt da odur ki, cəmi 230 min əhalisi olan şəhərin düz 10 faizindən çoxu (!) - 31 min azarkeş “Qarabağ”la oyuna gəlmişdi. Və necə, hansı ovqat, coşquyla gəlmişdi?

Buyurun, bu videoya baxın:

Burda futbolun çalarları çoxdur, əlbəttə. Amma ondan daha çox, incəsənət var. Və gördüyünüz bu sektordakı fanatlar, bütün 90 dəqiqədə 1 dəqiqə nədir, heç 10 saniyə də susmadılar. Yəqin ki, bu emosionallığı gücləndirən digər bir amil də vardı. “Frayburq”un “Qarabağ”la oyuna Almaniya bundesliqasının lideri kimi çıxması.

Mən oyunun özü üzərində durmayacam: çoxunuz matçı izləmisiniz. “Qarabağ”ın halal haqqının - bəlkə də qola səbəb olacaq təmiz penaltisinin əlindən alındığına da şahid olduq, ləyaqətli oyununa, kişi kimi uduzmasına da. Amma komanda, onun baş məşqçisi, klub rəhbərliyi hər nə qədər yüksək qiymətə layiqdirsə, bu da təəssüflə qeyd edilməlidir ki, qrup mərhələsi ərəfəsində bir yeni futbolçu belə alınmadı. Və bu, hələ də həllini tapmayan problem kimi qeyd olunmalıdır. Bu isə istər-istəməz nəticəyə təsirini göstərir, təəssüf ki, bəlkə bundan sonra da göstərə bilər.

İki kiçik detal.

Mərkəz hücumçusu Ovusu çox çalışdı, meydanda can qoydu: amma ələ düşən azsaylı imkanları yenə boşa verdi. Komandaya hücumçu lazım idi. Vadji gedəcəyinin siqnalını verəndən.

Düzdür, hamı diqqəti hücuma yönəldir, amma bu zaman nədənsə, müdafiə unudulur. Təəssüf ki, bu mövqenin sol cinahında Toral səhvlər etməkdədir. Potensialı yüksək olsa da, belə mötəbər oyunlar üçün hələ təcrübə azlığı və həyəcanı davam etməkdədir. “Frayburq”la matçda buraxılan hər iki qolda məsuliyyət payı az deyildi. Ümumiyyətə, bu mövsüm avrokuboklara fikir versək, sağ cinahdan “Qarabağ” bir neçə qol buraxıb. Düzdür, bir daha o fikirdəyəm ki, indi “Qarabağ” öz tarixinin ən yaxşı mərhələsindədir. Amma bu o demək deyil ki, boşluqlar yoxdur. Var və ümid etmək istərdik ki, heç olmasa üzümüzə gələn qışda axır ki, bəzi samballı transferlər həyata keçiriləcək. Samballı və yeri də gəlsə, bahalı. Çünki “Qarabağ” sıradan klub və komanda deyil. Rəsmi olaraq, ötən mövsümü UEFA reytinqində 64-cü yerdə tamamlayıb.

“Qarabağ” Azərbaycanın komandasıdır, onun hər bir uğuru ölkəmizin adınadır. Amma bu da faktdır ki, “Qarabağ” Azərbaycan futbolunun komandası deyil. Onun çərçivələrini çox aşıb.

Azərbaycanın heç bir komandası (milli daxil) barədə indiyədək heç bir alman məşqçisi, mütəxəssisi yüksək hörmətlə danışmamış, onun gücünü qabartmamışdı. “Frayburq”un baş məşqçisi Kristian Ştrayx isə matçdan sonra da, ondan əvvəlki gün mətbuat konfransında bir neçə dəfə “Qarabağ”ın oyun səviyyəsi haqda müsbət fikirlər demiş, ondan çəkindiyini gizlətməmişdi. Dünən isə qalib gəlmələrinə baxmayaraq, bu qrupda favorit olmadığını və sonadək mübarizə gedəcəyini söylədi.

Yeri gəlmişkən, o, Azərbaycan və bizim mətbəximiz barədə xoş sözlər söylədi. Mətbuat konfransında ona sual ünvanlamazdan əvvəl ölkəmiz barədə müsbət fikirlərinə və nəzakətinə görə təşəkkürümü də bildirdim. Komandasının matçlarını Azərbaycandan maraqla izlədiyimi dedikdə üzündə bir məmnun ifadə aldığını da qeyd edim.

Amma bir daha almanların futbola münasibətinə qayıdım. İndi də bu videoya baxaq. Matçdan əvvəl.

Abonoment almış azarkeşlər üçün burda hər vacib matçdan əvvəl bu böyük zalda bax belə bir geniş məclis qurulur. Dadlı alman yeməkləri, spirtli və spirtsiz içkilər. Bunlardan daddıqdan sonra isə hər bir azarkeş klassik alman dəqiqliyinə sadiq qalaraq biletinə uyğun olan yerinə keçir və sonadək komandasına dəstək olur.

Dünən onlarla birgə oyuna baxmaq mənə də nəsib oldu. Amma bu, tək futbola baxmaq deyildi. Bu, sanki teatrda oturub yaxşı aktyorların ifasında gözəl bir tamaşaya baxmaq idi.

Bax, bu səhnənin adı həm futboldur, həm də mədəniyyət.

Aydın Bağırov,

Frayburq-Bakı reysi

Xəbər Lenti