Futbolumuzu inkişafdan qoyan "bəzəkli qadağalar"

9 May 2022 23:20 Köşə 1 503
Futbolumuzu inkişafdan qoyan "bəzəkli qadağalar"

Son illər Premyer Liqa klubları meydana minimum bir 21 yaşlı futbolçu ilə çıxmağa məcbur idi. Çempionatın əsasnaməsi buna məcbur edirdi.

Əsas da göstərilirdi ki, yerli gənclər inkişaf etsin, milli komandaların oyunçu potensialı geniş olsun. Ki, uğurlar məhz onda gələcək.

Amma AFFA İcraiyyə Komitəsinin son iclasında limit qərarı ləğv edildi.

Arxada qalan illər əyani göstərdi ki, belə bir limit mənasızlıqdan başqa heç nə deyil. Hətta İK-da oturanlar da bunu sonunda başa düşdü.

Amma bəzi futbol adamları hələ də israrından əl çəkmir. İddialarını indi də sürdürürlər ki, bəs bundan sonra ölkədə gənc futbolçu tapılmayacaq. Milli komandalar pis nəticə göstərəcək.

Əvvəla, elə sizin bəh-bəhlə təriflədiyiniz limitli illərdə də ortaya sanballı gəncin çıxdığını görmədik. Varsa, buyurun...

Milli komandalardakı vəziyyət də eynidir. Guya limit olanda nə uğur qazandıq ki? Elə həmin limitli dövrdə Lixtenşteyn kimi cırtdan ölkəyə uduzmadıqmı? Bəs onda bu davanız nəyin davasıdır?

Millini, gəncləri çox istəyən çıxmısınız? O zaman istəyinizi daha düzgün yollarla həyata keçirə bilərsiniz.

Belə ki, gənclərin üzə çıxması, milli komandaların nəticələrinin yaxşı olması üçün qadağalara, məhdudiyyətlərə ehtiyac yoxdur.

Bunun üçün bölgələrdə, akademiyalarda uşaqların inkişafına təkan verən layihələrə ehtiyac var.

Bölgədə olan uşaq komandaları geyinməyə forma, oynamağa top, oyunlara getməyə yol pulu tapmır. Min bir zülmlə 19-20 yaşa çatanlar isə oynamağa klub tapmır.

Birinci divizionda yenə mənasız limitlə üz-üzə qalırlar. Premyer Liqada isə cəmi 8 klub var. Onun da 7-si Bakıda qərarlaşır. Aşağı-yuxarı hamsı da medal üçün, avrokuboklar üçün mübarizə aparırlar. Belə də gənc yetişər?

Süni əngəllər o qədərdi ki, saydıqca azalmır. Bir də sizin əngəlinizə ehtiyac yoxdur. Ümumiyyətlə, qadağa inkişafa təkan ola bilməz. İnkişaf üçün digər qadağaların da aradan qaldırılması mütləqdir, ay "mütəxəssislərimiz".

XANOĞLAN İMANOV

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu