Sizi Mahir Emreli ağıllandırmalıdır?

7 İyun 15:00 Köşə 1 331
Sizi Mahir Emreli ağıllandırmalıdır?

Azərbaycandan kənara çıxan, lap Qrenlandiya çempionatında da oynayan istənilən futbolçuya dəstək verməyə hazıram.

Nəinki mən, bütün Azərbaycan azarkeşləri bunu edirlər. Özü də o futbolçunun “Neftçi”li və ya “Qarabğ”lı olmasına baxmayaraq.

Hamı sevinir, ümid edir ki, nəsə alınacaq. Amma sonda heç nə alınmır. Araz Abdullayev Yunanıstanda oynayarkən Bakıya qayıdıb, Sadıq Sadıqovun ayağına düşübmüş ki, “qurban olum, məni geri qaytar”.

Azərbaycan da buna inanırdı. Emil Balayev Qazaxıstanda oynayanda bütün Azərbaycan ona azarkeşlik etmirdi, inanmırdı? Edirdi, inanırdı.

Nə oldu? Ermənini bəhanə edib qayıtdı Bakıya. Qaçdı erməninin qarşından. Baxmayaraq ki, o erməni ona heç nə etmirdi, sadəcə pulu düşündü.

Erməni isə bəhanə idi. Xaricə gedən hər bir azərbaycanlı futbolçu sonda bir bəhanə ilə geri qayıdıb – biri darıxıb, biri məşqçi ilə yola getməyib (guya), biri klubdakı maliyyə problemlərini əsas gətirib yenə də guya).

Amma heç biri deməyib ki, Bakıdan təklif olunan pul qarşılığına qayıdıram geri. Ya da ki, “istedadım yoxdur, rəqabətə davam gətirmirəm” desəydilər də, anlayışla qəbul edərdim onların qayıdışını.

Nəhayət, Mahir Emreli də Polşaya üz tutdu. Azarkeşlər bir tərəfə, həmkarlarım da göylə gedirlər artıq. Pafos bürüyüb aləmi.

“Bu adam Elxanla Riadın milliləşdirdiklərindən deyil.

Bu adama inanmaq lazımdı.

Bu adam bizim ölmüş ümidlərimizin cücərtisidir.

Bu adamın daşı çoxlarının başına düşür!” Dostum Amal Abuşov yazıb ey bunu. Kəlbəcərdən vurub Laçından çıxan, Cəbrayıldan girib Ağdamda peyda olan Amal.

Sözün həqiqi mənasında qəhrəman ürək sahibi olan adam. Az qala hər gün yüzlərlə minanın üstündən adlayır.

Az qala hər gün yüz dəfə ölümlə üz-üzə gəlir, amma bircə dəfə də “getmirəm” demir. Oradadır, işğaldan azad olunmuş ərazilər nura qərq edir.

Minalanmış sahələrdə aparır ölçü-biçi işlərini.

Elə orada olarkən də Mahirin Polşaya getməsi xəbərini eşidib belə sevinir. Adam nə qədər saf olarmış, İlahi. Adam azərbaycanlı futbolçuların uğur qazanmasını nə qədər arzulayarmış ki, belə sadəlövh olsun?

Amal bu statusu yazarkən, Mahir Emreli də, Polşadan necə geri qayıdacağını əsaslandırmaq üçün bəhanələr uydurmaqla məşğul olub, bəlkə də.

Niyə ağıllanmırsınız, dostlar? Niyə bunlara inanır, etibar edirsiniz? Az yanıldıblar sizi? Ümidlərinizi az puç ediblər. Yəni siz hələ də bilmirsiniz ki, indiki futbolçular arasında Nazim Süleymanov, Vəli Qasımov yoxdur?

Mahir Polşaya gedən ərəfədə Vüsal İsgəndərli də Türkiyənin 1-ci liqasında çıxış edən “Keçiörəngücü” komandası ilə müqavilə bağlayıb.

Bax, bu uşaq həqiqəti deyib “Futbol+” qəzetinə verdiyi müsahibədə . “Sən də ailən üçün darıxıb vətənə dönməyəcəksən?” sualına belə cavab verib:

Belə bəhanələr gətirməyəcəyəm. Geri dönsəm, deməli, rəqabətdə uduzub, zəif xarakter göstərərək komandadan ayrılmışam”.

Bax, mən bu uşağa daha çox inanıram. Həqiqəti deməyi bacarıb. Geri qayıtsa da, qınamaram onu. Dostum Amal da daxil olmaqla, digərlərini isə deyəsən, Mahir Emreli ağıllandırmalıdır.

Sözün düzü, bunu heç arzulamıram. Lap dostum Amalın gözündə, Mahir Emrelinin daşı başına düşənlərdən olsam belə.

Natiq Muxtarlı

Xəbər Lenti