«Bu xəbərlər məni çox təəccübləndirdi».
«Kəpəz»in baş məşqçisi Azər Bağırov Sportinfo.az-a açıqlamasında belə deyib.
Bugünlərdə redaksiyamızla əlaqə saxlayan oyunçular klub rəhbərliyinin üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyini söyləyib.
Onların sözlərinə görə, komanda Premyer Liqada sonuncu pillədən qurtulsa da, bu, ümumi duruma heç bir müsbət təsir göstərməyib:
«Səbail» və «Şamaxı» üzərində qələbəyə görə vəd olunan mükafatı hələ ala bilməmişik. Rəhbərlikdən heç kimi tapmırıq.
İlqar Nadiri (klubun İdarə Heyətinin sədri-red) bizə yalnız uzaqdan-uzağa xəbər göndərir. Dəfələrlə Azər Bağırova müraciət etmişik.
Baş məşqçi bizə deyir, gözləyin. Onu da qınamırıq. Bizə pisdirsə, ona da pisdir.
Azər müəllim elə bizim vəziyyətimizdədir. Çıxarıb cibindən hər futbolçuya pul verəsi deyil ki…
Gəncə ucuz yer deyil. Hər dəfə başqa-başqa yerlərdə yemək yeyirik.
Çünki restoran və kafelərə borcumuz var. Gündə 25-30 manat ancaq yeməyə gedir.
Klubun da otellərə xeyli borcu var. Tez-tez yer dəyişirik. Əvvəl qaldığımız otellərə gedə bilmirik, deyirlər ki, borcu ödəyin, sonra gəlin».
A.Bağırov bu iddiaların həqiqəti tam əks etdirmədiyini bildirib:
«Bizdə maliyyə problemi yoxdur. İlqar müəllim klub üçün əlindən gələni edir.
Yalnız bir oyunun mükafatı qalmışdı, artıq o da ödənildi. Xırda çatışmazlıqlar, gecikmələr ola bilər.
Amma bu, indi hansı komandada olmur ki? Mən futbolçuların rahatlığı, şəraitinin yaxşılaşması üçün əlimdən gələni etmişəm və edirəm.
Bundan sonra da edəcəm. Elə şeylər var ki, onu mətbuata çıxarmaq olmaz.
Bu məsələlərlə bağlı bütün futbolçulara danışmışam, sözümü onlara demişəm. İnşallah, hər şey düzələcək, gözləmək lazımdır».