Eşitdiyimə görə, xeyli borcu var «Kəpəz»in.
Borc o qədər çoxdur ki, onu nə vaxt və kimin qaytarmasının özü də böyük sual altındadır.
İlqar Nadiri gərək bu barədə düşünsün bir. Nə qədər ki İdarə Heyətinin sədri postundan ayrılmayıb, problemin həllinə əncam çəkməlidir. «Kəpəz»ə ən böyük yaxşılığı etmiş olar onda.
Bunun sadə və bir yolu var, onu deyim. O, komandanın Premyer Liqa ilə vidalaşacağı reallığı ilə barışmalıdır.
Nahaq yerə hər həftə bir ətək xərc çəkib, legioner gətizdirir. Xeyri yoxdur ey!
Cari çempionatın ən zəif iştirakçısı «Kəpəz»dir və bundan belə, Ronaldo və Messini yolunu Gəncədən salsa da, bu komandanın sezonu qurtarması qeyri-mümkündür.
Tərsliyin də bir həddi, hüdudu olmalıdır da. Azər Məmmədovdan zorla baş məşqçi düzəltmək istəyən İlqar Nadirinin israrı məni heyrətə gətirir.
Komanjası derbidə «Turan Tovuz»dan 4 cavabsız buraxan Azər Məmmədovun üzünün suyunun çoxluğuna isə ta təəccüblənmirəm.
Neyləmək olar, başa düşmək istəmir ki, ondan ağ atlı oğlan çıxmaz. İki inadcıl şəxs əl-ələ verib, «Kəpəz»i sürətlə I Liqaya tərəf sürükləyir.
İlqar Nadiri Azər Məmmədovdan əl çəkə bilmir, bilməsin. Heç olmasa, yersiz xərclərdən qaçsın.
Bir belə əcnəbini day bundan sonra Gəncədə bəsləməyin mənası nədir, qış fasiləsində onları geri göndərib, gələn «futbol ili» üçün «azuqə» saxlasınlar, yığılıb qalan borcdan xilas olsunlar.
Hər şeyi gərək elə mən açıb deyim, yol göstərim, özləri anlamır ki, bunu? Çox qəribə adamlardır, vallah!
ELNUR

