“Bilirəm, hamı bizə autsayder kimi baxır, amma...” – MESAJ VERDİ

27 Oktyabr 2023 21:20 Kəpəz 809
“Bilirəm, hamı bizə autsayder kimi baxır, amma...” – MESAJ VERDİ

“Kəpəz”in müdafiəçisi Rüfət Əhmədov Sportinfo.az-a müsahibə verib.

U-21 millimizin də şərəfini qoruyan futbolçu “Zirə” ilə qolsuz bərabərlikdən sonra ortaya çıxan sualları cavablandırıb.

- Liderdən aldığınız 1 xalı qənimət hesab etmək olar?

- Açığı, 3 xal qazanmaq istəyirdik. Oyunun gedişatı bunun mümkünlüyünü göstərirdi. Amma heç-heçəni də bizim üçün yaxşı nəticə saya bilərik.

- Rəqibin gücünü nəzərə alsaq, bunu nəyin sayəsində bacardınız?

- Mənə görə müasir futbolda ad-san, pul, yaxud başqa şeylər önəm daşımır. Vacib olan istək, motivasiya, komanda oyunudur. Bu gün bizdə bunların hamısı var idi. Komanda şəklində sona qədər mübarizə aparmaqla heç-heçəyə nail olduq.

- Bu gedişlə Premyer Liqada qalmaq mümkün olacaq?

- Niyə olmasın ki?! Bilirəm, hamı bizə autsayder kimi baxır, amma biz komanda olaraq bu fikirdə deyilik. Ola bilsin, büdcəmiz aşağıdır, şəraitimiz istənilən səviyyədə deyil. Əsas odur ki, kollektiv şəklində yaxşıyıq, komanda kimi güclüyük. Problemlərin öhdəsindən gələ biləcəyimizə inanıram.

- Vüsal Məsimovun “Kəpəz”ə gəlişindən sonra 3 oyunda ehtiyatda qalmısan. Bu, oyun təcrübənə təsir edir, yoxsa əksinə, motivasiya verir?

- Vüsalın gəlməsi ilk növbədə mənim üçün yaxşı oldu. Çünki oynadığım mövqedə rəqabət yarandı. 2-3 oyun ehtiyatda oturdum, bu gün əsas heyətdə yer aldım. Baş məşqçimizin qərarıdır, hər bir halda hörmət etməliyik. Futbolda daim oynayacaqsan və ya oynamalısan anlayışı yoxdur.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti