Premyer Liqada qalmaq uğrunda mübarizədə «Kəpəz»in işi çətin olacaq.
Azər Məmmədov bir ucdan rəhbərliyə yeni legionerlər aldırır.
Harada ata-anasından küsən, küçədə qalan, soyuqdan donacağından qorxan əcnəbi görürlər, götürüb gətirirlər Gəncəyə.
Bu yanaşma, əlbəttə ki, Nizaminin şəhərinin klubunu I Liqaya tərəf aparır.
Sürət də, nə sürət! «Kəpəz»in baş məşqçisi suda batmaqdan çəkindiyi üçün saman çöpündən də yapışan kimidir.
Kim oldu, nə oldu, ona əl atır ki, bəlkə komandanı sahilə çıxara bildi.
Burada vacib olan oyundur, «Kəpəz» onu da sərgiləmir. «Zirə» ilə Tovuzdakı qarşılaşmanı götürək.
Nominal ev sahibləri bir hissə yaxşı təsir bağışladı, fasilədən sonra ərazi üstünlüyünü əldən verdi. Vaxtı yuxuya xərclədilər.
Gözüm hər yerdə Şuaybunu gəzir. Mövsüm 3 aya yaxındır başlayıb, nigeriyalı hücumçu vur-tut 1 qol vurub.
Keçən sezonın bu vaxtında Abdulla aktivinə 5-6 qol yazmışdı. Nəinki Şuaybu, o heyətdən qalanların heç biri dünənin xiffətini çəkdirir.
Çün baş məşqçi postuna qoyulan şəxs baş məşqçi deyil. Azər Məmmədov adam kimi adamdır, məşqçi kimi isə…
Təəssüf ki, bunu nə özü qəbul etmək istəyir, nə də klub rəhbərliyi. Başa düşmürlər ki, zaman «Kəpəz»in əleyhinə işləyir.
MUSA

