"Kəpəz" ətrafında qalmaqallar səngimək bilmir.
Bu dəfə komandanın veteran futbolçusu Vidadi Rzayevin etirafı şok effekti yaradıb.
O, sosial şəbəkədə yayımladığı videoda ötən mövsümlə bağlı etirafla yadda qalıb.
Rzayev bildirib ki, ötən mövsümün gedişində klubda çalışan 5 şəxs klub prezidenti İlqar Nadirinin otağına daxil olaraq sabiq baş məşqçi Tərlan Əhmədovun istefasını tələb edib.
Tanınmış şəxs həmin klub rəsmilərinin də adını açıqlayıb. Söhbət rəhbərlikdə təmsil olunan Mehman Allahverdiyev, klubun futbol akademiyasının koordinatoru İlham Səmədov, əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanov, klubun mühafizə xidmətinin rəisi Elmar Əliyev və klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevdən gedir.
Qərb təmsilçisinin mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məsələ ilə bağlı ona unvanladığımız sorğuya belə cavab verib:
"Ötən mövsüm baş verənlərə yenidən qayıtmaq düzgün olmazdı. Vidadi Rzayev klub rəhbərliyi ilə baş məşqçi arasında keçirilən iclaslarda iştirak etməyib. Komandada işləyən məşqçilərə bir mənalı olaraq dəstək ifadə olunub. Klub rəhbərliyi tərəfindən daim baş məşqçiyə dəstək verilməsi istənilib".
Xatırladaq ki, Vidadi Rızayev ötən mövsüm "Kəpəz"də baş məşqçi Tərlan Əhmədovun köməkçisi olaraq çalışıb. Əhmədovun postundan ayrılmasından sonra o da klubdan gedib.
XANOĞLAN / SPORTİNFO.AZ

