
Millilərin oyunları ilə bağlı yaranmış fasilə bəzi komandaların işinə yarayıb.
Bu mənada “Kəpəz”i xüsusi fərqləndirmək lazımdır.
9 turdan sonra aktivinə cəmi 5 xal yazaraq sonuncu pillədə qərarlaşan gəncəlilər fasilə müddətində çətinlikləri aradan qaldırmaq niyyətindədir.
Hazırda düşərgədə olan Adama Diane ilə İqor Rodriges həm formaya düşmək, həm də komandaya uyğunlaşmaq prosesindən məharətlə yararlana bilər.
Üstəlik, baş məşqçi Azər Məmmədov geridə qalan müddətdə özü üçün qeyd etdiyi problemləri həll etmək imkanı qazanıb.
“Kəpəz”in ən böyük istəyi fasilə müddətində layiqli rəqiblə yoldaşlıq görüşü keçirməkdir. Lakin bu, mümkün olmayacaq.
Qərb təmsilçisi oktyabrın 14-də sınaq matçı keçirmək üçün müraciət etdiyi “Qəbələ”dən “yox” cavabını alıb.
“Turan Tovuz” Bakıda məskunlaşdığından, Premyer Liqada Gəncəyə yaxın başqa bölgə komandası olmayınca, “Kəpəz” rəsmiləri bu dəfə Birinci Liqanın iddialılarından olan “Karvan”a müraciət edib.
Yevlaxlılar qarşıda çempionat oyunu olduğunu bildirərək təklifdən imtina edib.
Əli hər yerdən üzülən qərblilər çıxış yolunu əvəzedici komanda ilə üz-üzə gəlməkdə görüb. Beləliklə, “Kəpəz” fasilə dönəmində “Kəpəz-2” ilə qarşılaşacaq.
HƏBİB / SPORTİNFO.AZ