Yenidən qurulması nəzərdə tutulan Gəncə şəhər stadionunda söküntü işlərinə qismən start verilib.
Dağıtma prosesi yaxın 2-3 ayı əhatə edəcək. Bu ilin sonuna qədər söküntü işləri başa çatdırılmalıdır. Daha sonra quruculuğa başlanılacaq.
İndiki məqamda əksəriyyətin marağına səbəb olan sual arenanın hansı hissəsinin söküləcəyi və oradakı tikinti işlərinin hansı ərazini əhatə edəcəyidir.
Bildiyiniz kimi, son iki ildə AFFA-nın maddi dəstəyi ilə Gəncə şəhər stadionunun ərazisində bazanın tikintisi gerçəkləşdirilib və proses artıq başa çatıb.
Hətta avadanlıqların bir hissəsi də gətirilib ki, bazanın istifadəyə verilməsi yaxın həftələrə nəzərdə tutulmuşdu. Akademiya üçün nəzərdə tutulmuş bina olduğu kimi qalacaq.
Arenanın ərazisindəki yardımçı meydançalar da bir müddət öncə yenilənib. Aşağı yaş qruplarından ibarət komandaların işinə yarayan, hətta əsas komandanın da məşq etdiyi süni örtüklü sahələr dağıdılmayacaq.
Odur ki, stadionun tikintisi deyiləndə, layihədə nəzərdə tutulan plan əsas meydanın və qəzalı vəziyyətdə olan tribunaların yenilənməsidir. Hə, stadionun hasarlarının yenisi ilə əvəzlənməsi də nəzərdə tutulub. Bütün işlər yekunlaşandan sonra arenanın ərazisindəki torpaq hissələr asfaltlanacaq.
Prezident İlham Əliyev oktyabrın 6-da Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, arenanın yenidən inşaatının layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən stadionun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini
Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
HƏBİB / SPORTİNFO.AZ

