«Kəpəz»in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu bu həftə təmirə bağılanacaq.
Klubdan Sportinfo.az-a verilən məlumata görə, qarşıdakı günlərdə söküntüyə başlanacaq.
İşlər Türkiyədən olan podratçı şirkət tərəfindən görüləcək. Qardaş ölkədən olan mühəndislərdən ibarət qrup artıq bu şəhərdədir.
İlkin mərhələdə tribunaların sökülməsi və ətraf ərazinin təmizlənməsi nəzərdə tutulub. Bu prosesin təqribən 2 ay davam etməsi gözlənilir.
Prezident İlham Əliyev oktyabrın 6-da Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, arenanın yenidən inşaatının layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən stadionun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini
Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

