Mövsümün ilk istefa xəbərini, deyəsən, «Kəpəz»dən eşidəcəyik.
Azər Məmmədovun başı üzərində dolaşan buludlar heç cür dağılmır.
Gərginlik günü-gündən artır. Mövcud situasiya göstərir ki, bıçaq sümüyə dirənib. İstər nəticə, istərsə də azarkeş sarıdan.
Komanda məğlubiyyətləri sıraladıqca, fanatların baş məşqçiyə və futbolçulara təzyiqi daha da artmaqdadır. Belə gərgin səhnələrdən biri dünən Sumqayıtda yaşandı.
Tribunaya toplaşan gəncəli fanatların imkanı olsaydı, aşağı enib futbolçuları tək-tək döyər, «uf» da deməzdi.
Bu mənzərəni heç bir məşqçiyə, komandaya arzu etmirəm. Doğrudan da, çox pis səhnədir. Bunun sonu yaxşı görünmür.
Azər Məmmədovu istefaya sürükləyən səbəbi qeyd edim - oyun yoxdur. Uduzmaq olar e, amma uduzmaqdan da uduzmağa fərq var.
«Kəpəz» oyun sərgiləyib meydanı məğlub tərk etsə, baş məşqçini hardasa anlamaq olar. Dərd-bəla burasındadır ki, «Kəpəz» futbolun «f» hərfinə də yad oyun göstərir.
Bu, həftələrdir belədir və gələcək həftələr ümid vermir. Məmmədovun səriştəsizliyi komanda daxilində dərin boşluq yaradıb və uçurum get-gedə böyüməkdədir.
Azər bəyin Premyer Liqada işləməyə savadı çata bilər, di gəl, təcrübəsi yetərsizdir. O, elə köməkçi məşqçi olmaq üçün yaranıb.
MUSA

