“Kəpəz”in son transferlərindən biri qapıçı İqor Rodrogesdir.
O, təxminən 10 gündür klubun düşərgəsindədir.
Portuqaliyalı qolkiper hətta yeni komandasının “Qəbələ” ilə matçını tribunadan izlədi.
Bunu fürsət bilib İqorla ölkəmizə gəlişi barədə söhbətləşmək istədik.
Lakin əcnəbi futbolçu “Məşqçilər tapşırıb ki, müqavilə imzalana kimi mətbuata müsahibə vermiyim” – deyərək, danışmaqdan imtina etdi.
Bəs maraqlıdır, 28 yaşlı legionerin müqavilə imzalanması niyə bu qədər gecikir?
İqor israrımızdan sonra bu müəmmaya aydınlıq gətirdi:
“Sənədlərim Portuqaliyanın "Feyrensi" klubundadır. Bildiyiniz kimi, transfer pəncərəsi bağlanıb.
Mənim “Kəpəz”lə sərbəst futbolçu kimi rəsmi müqaviləyə imza atmağım üçün həmin sənədlərin "Kəpəz"ə göndərilməsi lazımdır.
Rəsmi anlaşmanın gecikməsi bununla bağlıdır. Hazırda tərəflər arasında danışıqlar gedir. Qarşıdakı bir neçə gün ərzində müqavilənin bağlanması reallaşa bilər”.
Avropalı qapıçı ölkəsində “Feyrense”dən başqa Portuqaliyanın “Şaviş”, “Eştoril”, “Sportinq Kovilya” klubunda və “Benfika”nın əvəzedici heyətində çıxış edib.
XANOĞLAN / SPORTİNFO.AZ

