Premyer Liqanın 8-ci turu çərçivəsində “Kəpəz” “Qəbələ”yə məğlub oldu.
Məğlubiyyət “sarı-göylər”in cari mövsümdə ardıcıl dördüncü ev yenilgisi kimi tarixə düşdü.
Oyun başa çatandan sonra “Kəpəz” azarkeşlərinin bir qismi “istefa” şüarı səsləndirməklə diqqət çəkdi.
Şüarın məşqçilər heyətinə, yoxsa klub rəhbərliyinə ünvanladığını ayırd etmək mümkün olmasa da, yaşanan mənzərənin Gəncə futbolunda növbəti xaos kimi qələmə verə bilərik.
Klubun təhlükəsizlik departamentinin rəhbəri Elmar Əliyev sosial şəbəkə hesabında etdiyi paylaşımla “Kəpəz”in narazı azarkeşlərinə səslənib:
“Əsl “Kəpəz”sevər azarkeşlər, sizə müraciətim var.
Hər birinizdən komandamıza dəstək olmağı xahiş edirəm. Hamı gəldi-gedərdir, “Kəpəz” sizin komandanızdır. Siz burada qalıb komandanıza dəstək verəcəksiniz.
Bəzi qüvvələr var ki, 7 tura baş məşqçini istefaya səsləyirlər. Vallah, ayıbdır. Baş məşqçi 7 tura istefa verməz. Komanda meydana azarkeşlərin təzyiqi altında çıxır. Artıq sözlər danışırlar və bu, futbolçulara psixoloji təsir edir.
Mən sizə mühafizə rəisi yox, “Kəpəz”in sadiq azarkeşi kimi səslənirəm. Azarkeş olaraq “Kəpəz” üçün çox işlər görmüşəm, məğlubiyyətə üzülüb, ağlamışam. Bunları bəzi insanlar yaxşı bilir.
Baxıram ki, 4-5 nəfər “istefa” qışqırır, balaca uşaqlar, hətta tum satan da. Xarici klublara baxın, komanda aşağı liqaya düşür, azarkeşlər kollektivi alqışlayır, ağlaya-ağlaya yola salırlar. İnşallah, biz belə olmayacağıq. Çünki komandamız Premyer Liqada qalacaq. Bunun üçünsə sizin dəstəyinizə ehtiyacımız var.
Gəlin, söz-söhbətləri kənara qoyub, “Kəpəz”i dəstəkləyək. Artıq söz danışanların ağzını yummaq lazımdır. Onların niyyəti və əməlləri bəllidir.
Elələri Gəncə futbolunu istəməyən adamlardır. Gəncə futbolunu istəyən azarkeşlər komandanın yanında olmalıdır. Bu gün “Kəpəz”in pis günüdür. Belə vaxtda komandaya dəstək olmalıyıq.
Burdan səslənirəm, bəzi azarkeşlər var ki, şəxsən onlara qarşı sərt addım atacağam. Azarkeşin adına yaraşmayan artıq sözlər danışırlar, söyüş söyürlər. Oyun canlı yayımlanır və ekran qarşısında ana-bacılarımız baxır, eşidir.
İnanıram ki, Azər Məmmədov komandanı bu vəziyyətdən çıxaracaq. Və biz də “Kəpəz” ailəsi olaraq uğurlu nəticələrə sevinəcəyik. Siz azarkeşlərlə birlikdə yaxşı nəticələr əldə edəcəyik.
Azər Məmmədov gedəcək, yerinə filankəs gələcək. Yox, siz dediyiniz adam bura gələ bilməyəcək. O, möhürlənib və bundan sonra Gəncə şəhərinə gələ bilməz. Bunu bilin!
Çətin durumda sizdən komandaya dəstək olmağı və təzyiqlərə son qoymağı xahiş edirəm. “Kəpəz”in uğuru bütün Gəncənin uğurudur, məğlubiyyəti də həmçinin şəhərimizin məğlubiyyətidir.
Futbolda udmaq da var, uduzmaq da. Bu gün maliyyədə gücümüz kimləri gətirməyə çatırsa, həmin futbolçularla da yola davam edirik. Səbrli olmaq lazımdır”.
“Kəpəz” 8 turdan sonra topladığı 5 xalla 10 komanda arasında sonuncu pillədə qərarlaşıb. Qərb təmsilçisini 6-cı pillədən cəmi 6 xal ayırır.
HƏBİB / SPORTİNFO.AZ

