
Turnir cədvəli, sonuncu pillənin yeni sakini gəldi, mübarəkdir!
Autsayderlər qrupunda qərarlaşan komandaların mücadiləsini «Qəbələ» qazandı və «Kəpəz»lə yerdəyişmə etdi.
Bu, «Kəpəz»in Gəncədə uduzduğu ardıcıl dördüncü ev oyunu idi. Yerli tərəfdar növbəti dəfə haqq səsini ucaltdı - baş məşqçi Azər Məmmədovun, İdarə Heyətinin sədri İlqar Nadirini istefaya səslədilər.
Düzünü demək gərəkdir, «Kəpəz»in builki heyəti keçənilkindən daha üstündür. İstənilən kəslə bununla bağlı mübahisə edə bilərəm.
Tərlan Əhmədovun xidmətindəki futbolçular səviyyəcə indikilərdən zəif idi, amma komandaya ovqat gətirmişdi, dəst-xətt gətirmişdi, döyüşkən ruh gətirmişdi.
Azər Məmmədovun bu bacarığı yox kimidir. Varsa da, təcrübəsi yoxdur.
Deyir ki, azarkeşlər ilk dəqiqələrdən futbolçulara təzyiq göstərir, hətta içlərində elələri var, tribuna əhlindən qorxurlar. Həm də deyir ki, istefa verməyə hazırlaşmır, kürəyini elə-belə yerə söykəməyib.
Məmmədovun axırıncı sözü İlqar Nadirini tərifləmək məqsədinə xidmət etmir. Kim belə fikirləşirsə, yanlış qənaətdədir, deyim, biləsiz.
Baş məşqçi bu açıqlamasıyla İlqar Nadirini meydana itələyir, ona xatırlatma edir ki, məni bura gətirmisən, indi də zəhmət çək, camaatın qarışısına çıx, məni müdafiə elə.
Azər Məmmədovun başında demək olar tük qalmayıb, düşünürsüz ki, o, bu saçı boş yerə töküb?
İlqar Nadiri bəlkə də «Qəbələ» ilə oyunun gedişində başına-başına döyüb ki, ay dadi-bidad, mən nə boyda səhvə yol verdim, Tərlan Əhmədovu göndərdim, gərək Azər Məmmədovla yolları ayırım, ziyanın yarısından dönüm.
Gözünə döndüyüm sonuncu da mətbuat konfransında «kürəyimi elə-belə yerə söykəməmişəm» deməklə, sədrin özünü mədəni surətdə məsuliyyət bölgüsünə dəvət elədi.
Yəni ki, sənin sözünlə isti yerimdən («Səbail»dən) Gəncəyə qayıtmışam, buradan da sənsiz ayrılmaram, gedəcəyiksə, bir yerdə gedəcəyik.
Hə, İlqar Nadiri, belə-belə işlər… Buna deyirlər, yaman yerdə axşamlamaq. Və yaxud yağışdan çıxıb yağmıra düşmək.
MUSA