
«Neftçi», «Qarabağ», «Sabah» - Premyer Liqada cari mövsümün çempionu adına ən real namizəd olanlar bunlardır.
Premyer Liqadan düşməyən ən real namizəd olan «Kəpəz» onların üçünü də büdrədib.
Evdə «Neftçi»ni udublar, digər ikisindən də 1 səfər xalı qoparıblar.
Azər Məmmədovun əlini və ayağını hərəkətə gətirən elə 5 xaldır, «Kəpəz» ortabablara və autsayderlər qrupunda yer alan rəqiblərinə uduzub.
Bu da o deməkdir ki, «Kəpəz»in iddialılardan xal almasında baş məşqçi amili sıfıra bərabərdir. Futbolçuları belə rəqiblərlə qarşılaşmaya kökləmək çətin məsələ deyil.
Həmin komandanın adı kifayətdir ki, futbolçu özü-özünə ona qarşı motivasiya etsin. Həmişə və hər yerdə belə olub, olur və olacaq.
Məşqçinin işi hədəfi məhdud rəqiblərlə duellərlə oyunlarda görünür.
Orta sıralarda gedən, yaxud «Kəpəz»in özü kimi məqsədi liqada qalmaq olan komandalarla oyunlarda yaxşı nəticə əldə edilmrsə, həmin məşqçi ilə tezliklə vidalaşmaq lazımdır.
Çünki mövsümün sonuna yaxın 6 xallıq oyunların nəticələri turnir cədvəlindəki düzəlişə birbaşa təsir göstərəcək.
«Kəpəz»i idarə edən ağıl yiyələri indidən bu barədə düşünsün, əsas işi sonraya saxlamasın.
Onsuz da, Tərlan Əhmədovu o postdan götürməklə səhv ediblər, ziyanın yarısından qayıtsınlar barı. Bu gün gec deyil, amma sabah gec ola bilər.
MUSA