
Gedişat düşünməyə əsas var ki, «Kəpəz»i Premyer Liqanın gələnilki iştirakçıları arasında görməyək.
Bütün yollar I Liqaya doğru aparır.
Səbəb doğru olmayan adamların iş başında əyləşməsidir.
İlqar Nadirinin rəhbərlik etdiyi klub uçurumun biraadımlığına yetişib. Ardıcıl üç ev oyununda məğlubiyyətə uğrayan «Kəpəz» ucu-bucağı görünməyən qara zolaqla sürətlə irəliləyir.
Oxuduz da, Vidadi Rzayev mətbuata son açıqlamalarında idarəçilər haqda nələr söyləyib, nələrin üstünü açıb.
«Kəpəz»in «şinel»indən çıxmış, Azərbaycan futboluna öz möhrünü vurmuş bir veteranın açıb tökdüyü faktlar Nadiri və digərlərinin bu tarixi klubdan hansı məqsədlər üçün istifadə etməsini göstərir.
«Kəpəz»ə market gözüylə baxan bu kəslərin ayağı o stadiondan, o bazadan kəsilməsə, xeyri yoxdur, haram halalı aparacaq, xeyir-bərəkət olmayacaq.
Tribuna «istefa» qışqırdı. Azər Məmmədov bunu stəyirdi? Nə məcbur idi ki, Premyer Liqada baş məşqçi işləsin?
Bəyəm bilmir ki, onun zəif xarakteri yalnız İlqar Nadirinin işinə yarayır?
İnsaniyyətliyi ilə Gəncədə dağdan ağır hörmət qazanan Azər Məmmədov bir adama görə istefa tələbi ilə qarşılaşmağı niyə istəsin ki?
Dostumu göstər mənə, deyim kimsən. İlqar Nadiri ölkənin klub təsərrüfatında pis ad çıxarmış şəxslərdən biridir, onun ipiylə quyuya enmək olar?
Azər Məmmədov hansı fikirlə, hansı məntiqlə onunla işləməyə razılıq verib, bu işə qol qoyub, qoy, özü də açıqlasın.
Nə bilmək olar, bu legioner alış-verişinin künc-bucağında hansı həqiqətlər gizlənir. Yayda alınan əcnəbi futbolçuların «Kəpəz»ə yaramadığı gün kimi aydındır.
Tərlan Əhmədov çoxlu yanlışları olan məşqçidir, amma o da belə səhv siyasət yürütməzdi, özünü yarıtmaz rəhbərin əlində «alət»ə çevirməzdi.
MUSA