
“Kəpəz” Gəncədə “Araz-Naxçıvan”la keçirəcəyi görüşün hazırlıqlarını başa vurub.
Baş məşqçi Azər Məmmədovu qayğılandıran düşərgədə zədəli futbolçuların çoxluğudur.
Belə ki, qərb təmsilçisi “Qarabağ”la ötən həftə baş tutan oyuna 4 ciddi itki ilə çıxmışdı. Vurğun Hüseynov, Abdullahi Şuaybu, Ehtiram Şahverdiyev və Mate Kvirkviya zədə səbəbindən forma şansı qazanmamışdı.
Həftəiçi keçirilən məşqlərdə adları çəkilən futbolçular iştirak edib. Lakin onlardan yalnız Şuaybu kollektiv çalışmalarda gözə dəyib. Vurğun, Ehtiram və Mate hələ də fərdi məşq edir.
Bu isə o deməkdir ki, adları çəkilənlərdən yalnız Şuaybu “Araz-Naxçıvan”a qarşı ilk dəqiqələrdən mübarizə apara bilər.
Digər 3 nəfər isə ən yaxşı halda ehtiyac oyunçular skamyasında əyləşəcək. Aralarında ən yaxşı durumda olan Ehtiramdır. Onun “11-lik”də olub-olmayacağına matç günü aydınlıq gələcək.
“Kəpəz” azarkeşlərini sevindirən daha bir xəbər yay transferi Elmir Tağıyevlə bağlıdır.
“Səbail”dən cəlb olunan yarımmüdafiəçi ötən mövsümdən aldığı 4 oyunluq cəzaya görə cari çempionatda çıxış edə bilmirdi.
Tağıyevin cəza müddəti başa çatıb ki, Naxçıvan təmsilçisi ilə görüşdə adı iştirak ərizəsində olacaq.
Bu gün keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” oyunu saat 17:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ