
"Kəpəz”in sürpriz transfer əməliyyatı barədə məlumat vermişdik.
Söhbət Gürcüstan yığmasının yarımmüdafiəçisi Giorgi Papunaşvilidən gedir.
Tbilisi "Dinamo"sunun yetirməsi olan 27 yaşlı orta sahə oyunçusu qərb təmsilçisi ilə 1 illik anlaşma əldə edib.
"Kəpəz" rəsmiləri səs-küylü transferlə bağlı sənədləri ən qısa müddətdə yoluna qoymağa çalışır.
Ki, onun "Araz Naxçıvan"la bu tur baş tutacaq görüşdə heyətdə yer alması mümkün olsun.
Baş məşqçi Azər Məmmədov ən azı bir hissə yarımmüdafiəçinin xidmətindən istifadə etməyi düşünür.
Gürcüstanlı legioner 2015-ci ildə «Verder»ə transfer olunub. 1 il Almaniyada çıxış etdikdən sonra «Real Saraqosa» onu İspaniyaya aparıb.
Üç mövsüm burada forma geyinib, ardınca «Betis»in yolunu tutub. 2021-2022-ci illəri «Apollon»da (Limassol) keçirib.
Həmin ilin əvvəlində vətənə dönən Papunaşvili Kutaisi «Torpedo»sunun uğurları üçün çalışıb. Ötən ilin yayında Serbiyadan təklif alıb və «Radniçki» üçün yenidən ölkə xaricinə yollanıb.
Gürcüstanın U-17, U-19 və U-21 yığmalarına dəvət almış yarımmüdafiəçi ilk dəfə 2014-cü ildə ölkənin əsas millisinə çağırılıb, 12 oyuna 2 qol vurub.
XANOĞLAN / SPORTİNFO.AZ